Qaraqan - İkinci addım/Həqiqətin beş adı


İlk öncə onu qeyd edim ki, əgər siz radikal dindarsınızsa, əgər öz köhnə fikirlərinizdə ilişib qalmaqda israr edən birisinizsə, yeniliklərə açıq olmayan və düşünməyi sevməyən, ya da düşünməkdən qorxan tipsinizsə, sakitcə X-i click edib çıxın, necə deyərlər, allaha da xoş getsin, bəndəyə də:) 


Bu kitabı oxumaqda gecikdiyimin fərqindəyəm, sözün düzü "Birinci addım"ı oxumamışam, "Üçüncü addım"ı da oxumaq fikrim yoxdur. Heç bunu da oxumazdım, ətrafımda məni yaxından tanıyan insanlar durmadan "Mütləq Qaraqanın "İkinci addım"ını oxumalısan, tam sənlik kitabdır" deməsəydilər. Artıq mənə bu sözlər o qədər deyilmişdi ki, dedim, tamam, alıb oxuyacam, qardaş. Heç özümü kitablarında tapdığım Paulo Coelho barədə belə bir dəfə də olsun belə fikir deyilməyib mənə, bu qədər insan "oxu, oxu" deyirsə, vardır bir bildikləri. Amma sözün düzü, bu kitaba pul vermək istəmirdim. Niyəsini qeyd edəcəyəm. Ona görə ikinci əl axtarmağa başladım.. və axtaran tapar:) Amma bu kitab mənimçün sadəcə bir kitab olmadığından, kitab haqqında resenziyama keçməzdən öncə mənimçün Qaraqan kimdir, bu kitaba niyə pul vermək istəmirdim, digər kitabları niyə almayacam suallarına aydınlıq gətirmək istəyirəm.                                 

                           

Qaraqanla ilk tanışlığım əlbətdə ki, hamı kimi Host qrupunda oldu. Mənim də yeniyetməliyim Hostun yarandığı, formalaşdığı vaxta düşmüşdü və bizim nəsil üçün onlar necə deyərlər "göydəndüşmə" olmuşdu. Onların trekləri ilə böyüdük desəm yəqin çox dramatik olmaz:) Yeniyetməlik böhranını onların sayəsində daha ağır keçirtdik. Valideynlərimiz onların sayəsində daha çox narahat olmağa başladılar bizə görə. Bizim nəslin nümayəndələri üçün, bizim dövr üçün Host əsl zərbə effekti rolunu oynadı. Azərbaycan cəmiyyəti bu zərbəyə hazır idimi? Buna cavab vermək çətindir. Amma bunun vaxtı idi. Əli, ya Vəli mütləq gəlib bunu etməli idi. Trekləri hamımızın dilində olmuşdu, telefonlarımızın ekranında onların şəkilləri var idi.. Düzdür, bizimki radikal, sərt fanatlıq idi, amma biz yeniyetmə idik, emosiyalarımızı hələ ki, idarə edə bilmirdik. Nağıllarda yazılan kimi, vaxt ötdü, il dəyişdi, mən universitetə hazırlaşmağa başladım. Hər normal abituriyent kimi qurbanlar verməli idim. Dərslərimə daha çox diqqət yetirmək üçün TV-ni tərgitdim (baxmayaraq ki, bu gün sabah universiteti bitirəcəm, hələ də baxmıram, atdığım ən düzgün addımlardan biri idi), sosial şəbəkələrdən uzaqlaşdım və Host macərama da ara verməli oldum. Artıq vaxtım yox idi bütün günü onların mahnılarına qulaq asıb dərin düşüncələrə dalmağa. Onlar yeni treklər yayımlayırdı, mən qulaq asa bilmirdim, onlar yeni konsertlər verirdi, mən gedə bilmirdim..

Universitetə girdim. Amma insan bir şeyi yadırğayanda ona təzədən qayıtmağı çətin olur. Təbii ki, əvvəlki kimi loru dildə desək "Hosted" ola bilmədim. Maraq dairəm başqa idi, artıq emosiyalarımı cilovlaya bilirdim, bilirdim ki, mən valideynlərimə Qaraqanın "Aysel" trekini dinlətsəm belə onların dünyagörüşü dəyişməyəcək. Bilirdim. Və dözürdüm.

Bir gün yadımda deyil, hansısa hostun yeni treki youtubedə çıxdı qabağıma, qulaq asdım. Adətimdir şərhləri oxumaq, şərhlərə nəzər yetirdim, gördüm nəsə əksəriyyət Hostun dağılmağından yazıb, hamısı ayrı-ayrı solo karyeraya keçiblərmiş.. Beləliklə 11 nəfər 8, sonra 4 və ən sonunda da darmadağın olmuşdu.. Əslində məntiqlə düşünəndə belə də olmalı idi. Əksər qruplar sonradan dağılır və üzvlər solo karyeraya başlayır. Ona görə də "kafama takmadım".


Keçək indi əsas məsələyə.
Deyim ki, yeniyetməliyimin ən qızğın çağında Qaraqanı tanıyanda digər qızlar kimi ona pərəstiş etmirdim? Yox, bu yalan olar. Ən azından o bizim Leonardo di Capiromuz, Morgan Freemanımız, nəbilim, daha kobud dillə desək Burak Özçivitimiz idi))) Amma mənim pərəstişim konsertlərdə köynəyinin yaxasını cıraraq "Qaraqaaaaaaaaan, Qaraqaaaaaaaan" deyən qızların pərəstişindən deyildi, vallah. Nəisə. Qaraqanın "A", "Mələk", "Bir milyon dollarım olsaydı" kitablarını oxumuşdum. O vaxt məndən soruşsaydınız bu kitablar necə idi? Deyərdim, Dostoyevski qələt eləyir bu insanın yanında. Çünki dar idim. İntellektual inkişafım emosional inkişafım qədər sürətlə getmirdi. Bəlkə də qız olduğumdan, bəlkə də bu cəmiyyətdə olduğumdan. Uzun sözün qısası, sonradan bu kitablar mənə zəif gəlməyə başladı. Özüm ondan daha yaxşısını yaza bilərdim mi? Yox. Amma uşaq, yeniyetmə ağlı ilə gözübağlı heyran olurdum onların yazdığı hər trekə, kitaba. Mühakimə qabiliyyətim yox idi. Müəyyən qədər məndə mühakimə, müqayisə qabiliyyəti inkişaf etdikdən sonra dedim, elə bu kitablar yeniyetmə kitabları imiş. Ona görə də yuxarıda qeyd etdiyim kimi bu kitaba pul verməyi ağlımın ucundan belə keçirtmirdim. Düzdü, o qədər yaşlı deyiləm, yəni o qədər böyüməmişəm, amma məntiqim mənə, "sənlik deyil" deyirdi. Deyirdi, ondansa get təzə aldığın Dan Brownun "Cəhənnəm"ini oxu.

İkinci əl bu kitabı tapanda gözüyumulu götürdüm. 15 günlüyünə. Aldığım gün sevimli məkanlarımdan birinə gedib kofe (qəhvə sözünü sevmirəm, həmişə başqa sözə oxşayır) içə-içə oxumağa başladım. 

Sizcə ilk səhifəni açan kimi birinci gözümə nə batdı? Ah, təbii ki, orfoqrafik səhvlər.. Bu mövzuda çox həssasam. Düzdür, özüm Azərbaycan dilinin qayda-qanunlarını 100% bilmirəm, universitetə hazırlaşan dönəmdə öyrəndiklərimin də əksəriyyətini unutmuşam, amma elə şeylər var dərhal gözümə girir və məni kitabdan dərhal soyudur. Amma bu kitabı əlimdən yerə qoya bilməzdim. Bu qədər insanın tövsiyəsi var idi. Bilməli idim niyə bu insanlar "tam da sənin kitabındır" deyirdilər mənə. Proloq Ziqmund Freydin cümləsi ilə başladı. "Əgər bir insan həyatın mənasını axtarır və onun dəyərlərini araşdırırsa deməli o xəstədir". Psixologiya ilə maraqlanan biri olduğuma görə bu cümlədən sonra kitab məni özünə çəkdi...
                                      

Kitab müəllifin obrazlı şəkildə desək "həqiqət axtarışlarından" bəhs edirdi. Mən heç bir dinə və allaha inanmayan insan olduğuma görə bu kitabı Coelhonun "Kimyagər"i qədər asan oxudum, amma oxuduqca da içdən-içə düşünürdüm ki, görəsən Qaraqanı sevən, onunçün dəli-divanə olan, amma allahın varlığına şübhəsiz inanan fanatlarda bu kitab necə təəssürat oyadacaq? Qatı dindar insanlarda belə bir şey var, Qurandan hansısa hissəni göstərib, bax burda məntiqsizlik var deyəndə, deyirlər, bilirsən, o sözün ərəb dilində çox fərqli mənaları var.. İndi özlərini Qaraqana qurban verməyə hazır olan fanatlar da, müdafiə mexanizmlərini işə salıb, burda Qaraqan əslində belə demək istəyib - deyə düşünəcəkdilər, əminəm. O yollardan mən də keçmişdim bir vaxtlar çünki:)

"İstəyin və sizə veriləcək, axtarın və tapacaqsınız, döyün və qapılar üzünüzə açılacaq".

Müəllifin Siqişoara macəralarını oxuyarkən içimdə bir qibtə yarandı. O baş qaldırmağı bacarmışdı. Bəlkə gec bacarmışdı (səhv etmirəmsə 26, ya da 27 yaşında yazmışdı kitabı), amma bacarmışdı. Bəlkə oğlan olduğu üçün daha asan olmuşdu ona cəmiyyətə əks getmək, amma nəticədə o azad idi. Mən isə hər dəfə biz ailəvi tətilə gedəndə 5 ulduzlu otellərin bahalı divarları arasında sıxılırdım.. "Aysel" qədər dustaq deyiləm, əlbət.. Anamın dili ilə desək, hətta "bizim nəsildə olmayan, tarix boyu görülməyən şeyləri mən eləmişəm".. Bu uğur olmalı idi mənimçün? İstədiyim qədər azad deyildim. Buna görə valideynlərimi qınamıram, əsla. Onların illərlə inkişaf etdiyi, doğulub böyüdü şəraitdə mənim istəklərim, mənim ideallarım, mənim düşüncələrim onlara dəlilik kimi gəlirdi. Ona görə artıq mübahisə etmirdim. Tək istəyim, tragikomik şəkildə ifadə etsək "magistr adı ilə çıxıb getmək idi burdan". Gedib qayıtmamağı düşünürdüm. Kitaba qayıdaq:)

Əgər bütün bu yazdıqlarıma rəğmən kitabı oxumaq qərarına gəldinizsə (əgər hələ də oxumamısınızsa) kitabdan köçürdüyüm bu hissəni yaxşı-yaxşı oxuyub həzm edin:)

Günlərin bir günü bir savadlı professor qoca dərvişin yanına gəlir və deyir:
- Mən sizin yanınıza həqiqəti öyrənməyə gəlmişəm. Mənə öyrədə bilərsiniz?
Dərviş gülümsəyir və deyir:
- Gəlin əvvəlcə çay içək.
Professor dərvişə öz stəkanını uzadır və Dərviş stəkana çay süzməyə başlayır. Stəkan ağzına kimi dolsa da Dərviş işinə davam edir və çay stəkandan daşmağa başlayır. Bu zaman professor qışqırır:
- Siz neyləyirsiz? Mənim stəkanım doludur!
Dərviş gülümsəyir və deyir:
- Bəli, sənin stəkanın doludur!

Bu Dzen pritçası belə bitir. Ondan çıxan nəticə belədir ki, əgər sən yeni bilik əldə etmək istəyirsənsə bütün əvvəl bildiklərini unutmalısan. Sənin elm stəkanın artıq şeylərlə dolu olarsa ora heç vaxt əlavə bilik tökmək olmayacaq. Nə vaxt ki, sən həqiqətə hazır olacaqsan, o zaman bütün əvvəl öyrəndiklərini geridə qoyub gəlməlisən. Çünki öyrəndiklərin bildiklərin ilə ziddiyyət yaradanda hamı yeni bilikdən çox köhnə inamdan yapışır. Axı yeni olan hər şey qorxuludur və anlaşılmazdır. Sizin bu yaşa kimi topladığınız bir bilik, inam bazası var və siz əminliklə nəyisə bilirsiniz. Məsələn, siz əminsiniz ki, dəvəquşular təhlükə zamanı başını torpağa gizlədir, öküzlər qırmızı rəngə həssasdırlar, Azadlıq heykəli Nyu-Yorkda yerləşir. Və bir gün bir adam bizə desə ki, bunlar belə deyil, biz şübhələnəcək və bu məlumata inanmayacağıq. Yeri gəlmişkən, yuxarıdakı məlumatların hamısı səhvdir:) Dəvəquşular heç vaxt başını torpağa salmır, bu qədim Roma əfsanəsidir. Öküzlərin gözü rəngləri seçə bilmir ki, qırmızıya qəzəblənsinlər. Azadlıq heykəli isə Nyu-Cersidədir:)

Bu kitaba həqiqətən də psixoloji cəhətdən hazır olmaq lazımdır. Əgər hazır deyilsinizsə, normal həyatınızı yaşayın deyirəm mən. Nə zaman ki, özünüzü imanınızı sorğulamağa hazır hiss edərsiniz, bu kitabı açıb oxuyarsınız. Bu kitab həm də sizi incidə bilər. Mən uzun müddətdir inancsız bir insanam və məni incitmədi. Amma bir şeyə inanmaq ehtiyacı biz insanların qanında var. Bu istər budda olsun, istər ərəb allahı. Və artıq biləndə ki, inanılacaq bir kəs yoxdur əslində.. Bu sizi çox incidə bilər. 

Kitab bədii əsər deyil. Yəni Mark Levi əsəri deyil, elə bil ki, Dan Brown əsəridir. Dinin sütunlarından, bütün dinlərin mənşəyinin ortaq olmağından, şamanlardan, ilk kahinlərdən, təkamül nəzəriyyəsindən və bu kimi şeylərdən çox məlumat əldə edəcəksiniz. Kitabda bir sıra maraqlı eskperimentlər də var. Məsələn,

Göyərçinlərin ilkin dini inancı

Alimlər arasında maraqlı mübahisələr gedirdi, görəsən qədim insanları rituallara vadar edən nə idi? Görəsən, tanrı inancı bizim içimizdə olan bir şeydir, yoxsa təsadüf nəticəsində yaranır? Yaxşı, bəs əgər belə bir inanc varsa, niyə biz onu heyvanlarda müşahidə etmirik? Məşhur alim, zoopsixoloq Berret Frederik Skinner insan inanclarını və onlara təsir edən amilləri uzun illər müşahidə edir və araşdırırdı. Onun göyərçinlərlə keçirdiyi fenomenal eksperiment qərb təfəkkürünün formalaşmasında və dünyanı daha aydın anlamağa güclü təsir etmişdi.

Bu eksperimentdə B.F. Skinner bir neçə qutu götürür və hərəsinin içinə bir göyərçin yerləşdirir. Göyərçinlər bir-birindən uzaqda yerləşir və bir-birlərini görmürlər. Daha sonra qutunun kənarına xüsusi mexanizm qoyulur. Bu mexanizm göyərçinlərə yem gələn qaba gedən bir borudur və mexanizmin yanında düymə var. Təbii ki, göyərçinlər tez bir vaxtda bunu anlayır və düyməni basaraq yemin qaba tökülməsinə təsir edirlər. Bu aydın məsələdir. Amma Skinner bu eskperimenti dəyişir və göyərçinləri qeyri-adi bir vəziyyət qarşısında qoyur. O qutudan düymələri çıxarır və qutuya yem tökən mexanizmi elə qurur ki, mexanizm qeyri-bərabər formada ixtiyari vaxtda açılır və qutuya yem tökür. Mexanizmin işləməsində heç bir qanunauyğunluq olmur, bir gün hər saatdan bir yem tökən mexanizm növbəti gün heç yem tökməyə bilır, o biri gün isə gündə cəmi üç dəfə yem tökə bilər. Bununla sanki süni olaraq təbiət hadisələri qurulmuş olur. Bir il yağış çox yağır, o biri il heç yağmır. Şimşək arada çaxır, arada yox. Gah balıq tuta bilirsən, gah yox. Skinnerə maraqlı idi, görəsən belə bir şəraitdə quşlar özlərini necə aparacaq? Beləcə qəribə bir hadisə baş verir. Alimlər bir həftə sonra quşları müşahidə edəndə qeyri-adi fenomenlə qarşılaşırlar. Birinci qutudakı göyərçin davamlı olaraq hoppanır. İkinci qutudakı göyərçin başını saat istiqamətinin əksinə fırladır. O biri göyərçin küncdə dayanıb qanadlarını çırpır. Bunu görən alimlər qədim qəbilələrin rituallarını anlamağa başlayırlar. Demək, birinci qutudakı göyərçin yüz üsulla yemin gəlməsi üçün çalışır və təsadüfən hoppanan anda yemək gəlir. Bu zaman onun beynində belə bir fikir formalaşır ki, yemin gəlməsinin səbəbi hoppanmaqdır. İkinci göyərçində başını fırlatmaqla eyni hadisə baş verir. Beləcə biz kənardan baxanda anlayırıq ki, onların hərəkətləri əslində heç bir halda yemin gəlməyinə təsir etmir.  Amma bu artıq göyərçinlərdə dini inanca çevrilir və onlar belə deyək, öz yağış rəqslərini oynamağa davam edirlər. Bununla heyvanlarda ilkin ritual inanclarının yarandığına şahid oluruq. Qəbilələrdə də eyni hadisə baş verir. Bir gün biri porsuq ovlayır və onun ətini yeyir. Səhərisi gün zəlzələ baş verir. Bütün qəbilə düşünür ki, bu porsuq əti ilə bağlı bir şeydir. Təbii ki, beləcə tabular və günahlar formalaşır.

Kitabda paleokontakt, UNO-larla bağlı da çox maraqlı məlumatlar, elmi dəlillər var. Amma mən bunlarla çox başımı yormuram, müəllifin özünün də qeyd etdiyi kimi bu mövzular elə mövzulardır ki, adam dərinə getdikcə batır, mistika ab-havası yaranır:)

Amma düzünü deyəcəm, mənə kitabda ən çox təsir edən nə mistik hadisələr oldu, nə meşə dairəsi söhbəti, nə müəllifin imamla dialoqu, nə ateistin maraqlı nitqi.. Mənə ən çox təsir edən kitabın sonuncu cümləsi oldu. Əgər sizin də yeniyetməliyinizin qızğın çağları Host dövranına düşübsə, əgər siz də onların trekini hava kimi ciyərlərinizdə hiss etmisinizsə, əgər siz də Qaraqanın "A" kitabını oxumusunuzsa, inanın mənə, kitabın son cümləsini oxuyanda tükləriniz biz-biz duracaq.. İçinizdə sevinc, kədər qarşıqı bir hiss yaranacaq. Və "buna dəyərmiş" deyəcəksiniz..

Əgər bura qədər çatmısınızsa, bu nəhəng məqaləni oxumusunuzsa sona qədər, çox sağolun:)

Kitabı bitirdikdən sonra nə etdim?
5 ilə yaxındır dinləmədiyim trekləri yenidən dinlədim.. Həqiqət axtarışları, Kağız gəmilər, Aysel, Etiraf otağı, Qısa Qapanma, Sevgi yoxdur, Aciz insan...

İllərdir dinləmədiyim treklər. İllərdir keçirtmədiyim hislər. Bir anlıq o dəlisov, çətin, böhranlı, üsyankar, aqressiv yeniyetməliyimə geri qayıtdım. Və özümə sual verdim:

ONLAR BACARDI. SƏN NİYƏ BACARMAYASAN Kİ?

Comments

Post a Comment

Popular posts from this blog

Tənbəllik problemi və ya tamam başqa bir mövzu..

Əsrin bəlası - İngilis dilini necə öyrənim?