Əsrin bəlası - İngilis dilini necə öyrənim?


"Yaxşı ingilis dili kursu", "Yaxşı ingilis dili müəllimi", "Self-study üçün yaxşı saytlar", "Yaxşı conversation club", "Yaxşı kitab"... Yəqin ki, hamımızın facebook qruplarında qarşılaşdığı ən populyar suallardandır. Bəlkə də özümüz də yazmışıq nə vatxsa, kim bilir?
Bir zamanlar mən də ingilis dili öyrənmək üçün "sehrli yollar" axtaran biri idim. İngilis dilində danışmaq, internetdəki ingiliscə məqalələri oxuya bilmək, ingiliscə kitablar mütaliə etmək mənimçün çox uzaq xəyallar idi. Bu qədər kəşməkəşli və çətin yollardan keçib artıq "İngiliscə bilirsən?" deyə soruşanlara rahat-rahat "BİLİRƏM" deyə bildiyimə və CV"Dil bilikləri" bölməsinə ingilis dilini rahat-rahat yazmağa müvəffəq olduğuma görə düşünürəm ki, keçdiyim yollara və doğru/səhv təcrübələrimə əsaslanıb bu barədə bir-iki kəlmə söz deməyə artıq mənim də haqqım çatır:) 
İlk öncə hansı səviyyədən, necə başladım və olduğum səviyyəyə hansı müddətə çatdım, onunla başlayım. Qeyd etməyi zəruri hesab edirəm ki, əgər keçmişdə mənim də düşdüyüm tələyə düşüb ingilis dili öyrənmək üçün asan və qısa variantlar axtarırsınızsa məqaləni burda yarımçıq qoyun, allaha da xoş getsin, bəndəyə də:) Hansısa vərdişi qazanmaq asan deyil və dil öyrənmək də qazanıla bilən vərdişlərin içində ən çətini və vaxt tələb edənidir.

Hamımızın orta məktəbdə keçdiyi (müəllimin good morning children, uşaqların good morning teacher dedikdən sonra azərbaycanca danışmağa başladığı) ingilis dilini çıxsaq, heç vaxt ingilis dili ilə davamlı məşğul olmamışdım. 2013-cü ildə məşhur kurslardan birində səviyyə imtahanı verdim və səviyyəmin elementary olduğu məlum oldu. Artığıını da gözləmirdim. Və kursa başladım. Müəllimin çox savadlı olmasına və kursun sistemini sevməyimə rəğmən özüm çox həvəssiz idim. Həmin vaxtlar ingilis dilini öyrənmək mənimçün sadəcə bir məcburiyyət idi. Öyrənirdim, çünki öyrənməli idim. Başqa heç bir xüsusi həvəs, məqsəd yox idi. 3 ayın sonunda guya bir səviyyə qalxdım. Guya deyirəm, çünki imtahan verməyimə rəğmən və bəzi fundamental şeyləri öyrənməyimə rəğmən özümdə irəliləyiş hiss etmirdim. 3 ay müddətində bir dəfə də olsun sevərək nəyisə oxumamışdım, ev tapşırıqlarını bizim gənclərə xas bir şəkildə "başımdan atmışdım". Nəhayət, dözmədim və kursdan çıxmağa qərar verdim.

Bir il müddətində ingilis dili ilə heç bir şəkildə məşğul olmadım. Ta ki, bir gün "möcüzə" gerçəkləşənə və "bədahətən" Amerikan İngiliscəsini sevməyə başlamağıma qədər :))) Hər şey BBC-də Obamanın nitqini qəfildən eşidərkən baş verdi (fonda romantik musiqi....). Dediyinin heç birini anlamasam da kursda qulaq asdığımız BBC Learning English materiallarında eşitdiyim ingilis dilindən almadığım zövqü almağa başladım. Qərara gəldim ki, mən də bu kişi kimi danışmaq istəyirəm. (O gündən bəri heç vaxt bir də çönüb Britaniya İngiliscəsinin üzünə baxmadım).

Pre-intermediate səviyyəsindən başladım və 1 il müddətində evdə self-study ilə məşğul oldum. Kitablar üzərindən qrammatikanı inkişaf etdirsəm də, internetdən (səni yaradana şükür) ingilis dilində səviyyəmə uyğun mətnlər, videolar tapıb hər gün izləyirdim. Bir ilin sonunda özümdə kursda his etmədiyim qədər çox irəliləyiş hiss etdim. Artıq akademik olmayan məqalələri oxuyub başa düşürdüm (bəzən lüğətə baxmaq məcburiyyətində qalsam da), qulaq asmaq barəsində isə heç bir problemim yox idi. Tək problem danışmaq idi, çünki danışmaq üçün self-study yetərli deyildi, ikinci birinə ehtiyac duyurdum.


Növbəti təhsilimi də ingiliscə almaq istədiyimi nəzərə alaraq yenidən kurs axtarışına çıxdım. Məqsədim həm danışığımı inkişaf etdirmək, həm də intermediate səviyyəsinə qalxmaqla daha sonra IELTS hazırlığına başlamaq idi. Həftələr davam edən axtarışımdan sonra guya Bakıdakı "ən yaxşı və peşəkar" kurslardan birinə müraciət etdim. Xoşbəxtlikdən, yenə qarşıma çıxan müəllim çox savadlı və işini bilən biri idi. Ancaq təəssüf ki, həftədə iki dəfə keçirilən dərs mənim danışığıma o qədər də müsbət təsir göstərmədi, demək olar ki, evdə etdiyim self-studydən daha artıq bir şey ala bilmədim kursdan. Və bununla barışıb intermediate səviyyəsinə çatdıqdan sonra IELTS hazırlığıma başladım.

3 ay davam edən hazırlıq müddətim çox yaxşı keçdi, amma bu müddətdə elə də çox "əkşn" olmadığına görə boşboğazlıq etmədən əsas məsələyə keçirəm.

Dil öyrənmək, dili bir bütün halında öyrənmək (oxuya bilmək, dinləyib anlaya bilmək, danışa bilmək və yaza bilmək) üçün çox fərqli metodları sınadım və eyni zamanda çox fərqli müəllimlərin fərqli metodları ilə qarşılaşdım. Düşünürəm ki, insan istənilən özünə yad olan bir şeyi mənimsəməyə çalışdıqda, yeni bir vərdiş qazanmağa çalışdıqca eyni yollardan keçir, xüsusi ilə əgər bu ilk dəfədirsə. Mən də ilk xarici dil təcrübəmə ingilis dili ilə başlamışdım və səhv edə-edə doğru yolları tapdım. Tapdığım doğru yolları və məndə işə yarayan, effektiv üsulları bölüşməkdə məqsədim "WOW məndə olan üsullar bir ilkdir, heç kim bilmir bunları, mənim yazdıqlarıma əməl etsəniz bir ilə Obama kimi danışacaqsız" demək deyil. Yazacaqlarım onsuz da hər bir saytda çürüdülmüş şeylərdir və Google'a "how to improve my English" deyə müraciət etsəniz sizə saysız hesabsız mənimkilərdən daha kreativ və maraqlı üsullar təqdim edəcək. Və unutmayın ki, hər bir insan fərqlidir. Mənim üsullarım məndə işə yaradı, sizdə yaramaya bilər:) Çalışın səhv edə-edə öz üsullarınızı tapasınız. Məsləhətlərimə birbaşa keçmədən öncə bu qədər yazı yazmağımın səbəbi məhz budur. Mən səhv edə-edə, milyon üsul sınaya-sınaya doğru texnikaları tapdım, bu hər kəsin əlindədir.


        1.Simple grammar.

Köhnə mifdir, eşitməyən olmaz. "Dil öyrənmək istəyirsənsə əvvəl söz öyrən, cümlə qurmağı öyrən, danış. Qrammatika sonra öz-özünə düzələcək." Doğrudan? Primitiv qrammatik qanunları bilmədən o sözləri hansı sırada düzəcəyini və hansı zamanı necə işlədəcəyini yalnız filmlərdən və kitablardanmı öyrənməyi düşünürsünüz, ya bədahətən beyninizə bilgimi dolacaq? 
Qrammatika mövzusunda qızıl ortanın tərəfdarıyam. Dərininə varmadan öyrən. Amma öyrən. Məcbur deyil ki, bütün zaman formalarını, bütün qaydasız felləri əzbər bilək. Ən çox işlənən, gündəlik həyatda lazım olanlarını mənimsəyək, qalanını zamanla, vaxtı çatdıqca, bilmək zəruri olduqda öyrənə bilərik. Sadə qaydaları öyrənib möhkəmləndirdikdə mürəkkəblərini sonradan öyrənmək daha asan olur. Kursların etdiyi ən böyük yanlış da budur, 2 həftəyə 4 zaman keçməyə çalışmaq. 
Və bəzi şeylər var ki, həqiqətən, zamanla düzəlir. Hər qaydanın, strukturun adını bilmək məcburiyyətində deyilik. Gəlin düşünək, Azərbaycan dili dərsini məktəbdə keçənə qədər bilirdik ki, "Şərt budaq cümləsi" deyə bir şey var? Adını bilmirdik, konstruksiyasını bilmirdik, necə qurulmalıdır bilmirdik, amma səhvsiz işlədirdik. İngilis dilinin mürəkkəb cümlə strukturları üçün də eyni şey işə yarayır. Sadə şəkildə qrammatikanı mənimsədikdən sonra və onu tətbiq etdikdən sonra, oxuduqlarımızdan, eşitdiklərimizdən yadda qalanını özümüz də bilmədən tətbiq etməyə başlayacağıq. Bir növ ingilis dili üçün intuisiya yaranacaq. Bunu artıq bu yolda əmin addımlarla addımlayanlar daha yaxşı başa düşər:)

        2.Vocabulary

Söz əzbərləməyi sevimli hala gətirməliyik. Okay, gündəlik həyatda işlətmək üçün kifayət edəcək qədər grammar bilirik. Yenə də, kifayət qədər söz dağarcığımız yoxdursa, sinonimləri bilmiriksə, danışmaq, yazmaq, oxumaq və başa düşmək bizim üçün hər zaman əlçatmaz bir şey olacaq. Mənimçün dil öyrənməyin ən çətin tərəfi idi söz əzbərləmək. Çünki zəruriliyini dərk edirdim, amma alınmırdı, ən darıxdırıcı bir şey idi mənimçün söz əzbərləmək. Yadımda da qalmırdı. Axı öz dilimizi öyrəndikdə oturub söz əzbərləməyə çalışmırdıq, elə deyil?
Etiraf etməliyəm ki, burda mənə ən çox kömək edən IELTS hazırlığı olmuşdu. Söz bilmirsənsə, IELTSdə uğur qazana bilməyəcəksən. Nə listeningdə, nə speakingdə, nə readingdə, nə də writingdə (düzdü onda söz bilsən də uğur qazana bilmirsən :D) 
Və söz öyrənmək elə bir hədəfdir ki, burda son dayanacaq, son tarix nədir, nə zamandır bilə bilmirik. İlk getdiyim kursun müəllimi çox yaxşı bir söz demişdi bizə. Demişdi ki "Əgər siz ingilis dilində bilmədiyiniz sözü görəndə açıb lüğətdə onun mənasına baxmayacaqsızsa, bilin ki, sizdən ingilis dili öyrənən olmayacaq". Düz demişdi. Bunu eləmək çətindi, amma nəzərə alsaq ki, bizim google translate, oxford dictionary, cambridge dictionary kimi elektron resurslarımız var, "alınmır" ya da "çətindir" demək nankorluq olar. Facebookda ingiliscə status gördün? Və ordakı 3 sözü başa düşmürsən? Yeni pəncərə aç, dictionary.cambridge.org'a get və mənasına bax.
Mən bütün sözləri lüğət dəftərinə "döşəməyin" tərəfdarı deyiləm, onsuz da yazdığımız bütün sözlər nə yadımızda qalır, nə də lazım olur. Onun yerinə, bir də qarşıma çıxacağına güman etdiyim və özümün işlədə biləcəyim sözləri (ambitious, have an impact on, accountability, consistency, etc.) qeyd edirəm və dönə-dönə istifadə etməyə çalışıram. Onsuz da bu qəbildən olan ümumişlək sözlər daim qabağımıza çıxmaqda davam edir. İstər TED talklarda, istər BBC məqalələrində, istərsə də forumlarda.
Mənasını bilmədiyim, amma qeyri-adi olan, bir daha qabağıma çıxacağını düşünmədiyim sözlərin isə sadəcə tərcüməsinə baxıb, həmin kontekstdə mənasını anlamağa çalışıram, qeyd etmirəm. Əgər lazımlı sözdürsə, onsuz da bir daha qabağıma çıxacaq və təkrar baxdıqca yadımda qalacaq :)

        3. İdioms

Əslində bu da "Vocabulary" hissəsinə aiddir, amma onun qədər sıxıcı olmadığına görə ayrıca qeyd etmək istədim. Mənimçün ingilis dili öyrənməyin ən əyləncəli tərəfidir idiomlar. Azərbaycan dilində ekvivalenti yəqin ki, "frazeoloji birləşmələr"dir. Adi sözlərdən fərqli olaraq, məncə mənaları daha əyləncəli və yaddaqalan olur, həm də əgər danışarkən, ya da yazarkən idiom işlədirsinizdə, demək müəyyən bir səviyyəyə çatmısız artıq, təbriklər:) El-oba dili ilə desək, "cool" görünürsüz:) Bəzi idiomları öyrənərkən Azərbaycan dilində də hərfi tərcümədə eyni birləşmələrin olduğunu görmək onları daha yaddaqalan edir və öyrənmə prosesi də daha əyləncəli olur. 

  • till the cows come home - hərfi tərcüməsi "inəklər evə gələnə qədər" (:D) olsa da, azərbaycan dilinə çevirsək "sonsuza qədər, həmişəlik" kimi olur. I could sit here and argue with you till the cows come home, but it wouldn't solve anything. Deyir, mən oturub səninlə burda sonsuza qədər mübahisə edə bilərəm, amma bu heç nəyi həll etməyəcək. Əlbəttə, bunu sadə şəkildə "forever" sözü ilə də əvəz etmək olar, amma belə daha maraqlı deyil mi?:)
  • bite off more than you can chew - hərfi mənası "çeynəyə biləcəyindən daha böyük tikəni dişləmək"dir və əsl mənası da el-oba dilində ona uyğun olaraq "gücün çatandan daha artığına girişmək"dir. I think he's bitten off more than he can chew taking all those classes.
  • cry over spilt milk - hərfi mənası "dağılmış südün dalıyca ağlamaq", əsl mənası "olub keçən şeyə görə fikir eləmək, üzülmək"dir. Yes, we made a mistake, but there’s no point in crying over spilled milk.



        4. Immersion in language

"Immersion" özünü bütünlüklə dilə daxil etmək deməkdir. Xaricdə uzun və qısamüddətli ingilis dili kursları bu qəbildəndir. Öyrənmək istədiyimiz dil hansı ölkənin rəsmi dilidirsə, orda bir müddət kurs götürürük və yaşayırıq. Bizim misalımızda ingilis dili. Gəlin düşünək ki, İngiltərədə 2 həftəlik dil kursu götürürmüşük. STOP, xəyallara qapılmayaq. Əlbəttə ki, 2 həftənin sonunda ingilislər kimi ingilis dilində "çırtlamayacağıq". Amma əmin ola bilərik ki, Azərbaycanda keçiridyimiz 2 həftə ilə müqayisədə dilimiz daha çox inkişaf edəcək. Mövcud olan bütün kurslarda çatışmayan da budur əslində, hansı ki, həlli olan bir problem deyil. Deyək ki, həftədə 5 dəfə hər dərs 2 saat olmaqla bir kursa gedirik və kursda non-stop ingiliscə danışırıq. Və? Sonra? Dərs bitir, yenə azərbaycanca danışırıq...
Xaricdə dil kursları kifayət qədər bahadır və viza məsələlərini də nəzərə alsaq hər birimizin girə biləcəyi "kol" deyil. Amma işdir şayət kimsə maraqlansa "Speak Up London" kurslarını və linguatrip.com portalını məsləhət görərdim. Linguatrip xaricdə təhsil şirkəti olduğundan və müştərilərə bir sıra əlavə xidmətlər göstərdiyindən qiymətləri OLDUQCA bahadır. Ancaq birinci qeyd etdiyim şirkət sırf dil kursudur və özümüz online şəkildə yazıla bilsək daha ucuz başa gəlir.

Yaxşı bəs ümumiyyətlə immersion şansı yoxdursa? Onda ingilis dili öyrənə bilməyəcəyik?
Əlbəttə ki, biləcəyik. Bir az daha artıq zəhmət tələb edəcək, bir az daha çox zaman alacaq, amma biləcəyik. Sadəcə özümüzə speaking partneri tapmalı olacağıq ki, heç olmasa həftədə 5 dəfə də olsa görüşüb danışa bilək.

        5. Using resources

Dil öyrənmək istəyənlərin bəlkə də bilmədiyi ən lazımlı şey və kursların heç birində bizə öyrədilməyən ən önəmli şey mövcud resurslardan istifadə edə bilmək bacarığıdır. Hamımızın xəyalı olub ən sevdiyimiz kitabı ingiliscə oxuya bilmək, BBC-yə baxıb söhbətin nədən getdiyini anlaya bilmək, internetdəki ingilisdilli bloglarda yazılan məqalələri başa düşmək və hətta öz ingiliscə blogumuzu yaratmaq! Kimin arzusu olmayıb ki!
Amma hər zaman gözləmişik ki, "bu səviyyəni də keçim, yəqin başa düşəcəm", "bu kursa getsəm ingiliscə kitab oxuya biləcəm" və s. Amma o günlər heç vaxt gəlməyib. Çünki bizə deyən olmayıb ki, danışa bilmək üçün danışmaq, oxuya bilmək üçün oxumaq, yaza bilmək üçün yazmaq, dinləyib anlamaq üçün dinləməyə başlamaq lazımdır.
Heç nə birdən birə, öz-özlüyündən yaranmır, heç nə hazır şəkildə qabağımıza gəlməyəcək. Bunu anlayaq və qəbul edək...
İngilis dilində oxumağa, dinləməyə bu gün başlayaq, nəyisə gözləməyək. Etdiyimiz ən böyük səhv öz dil səviyyəmizə uyğun olmayan resurslara müraciət edib anlaya bilmədiyimizə görə həvəsdən düşmək və hər şeyi yarıda qoymaqdır. Axı hər şey pillə-pillə əldə olunur, axı damla-damla göl olur, elə deyil? Kitab mağazalarında bütün səviyyələrə uyğun kitablar var, starterdən tutmuş advanced səviyyəsinə kimi. Pul yoxdur? Google var! BBC Learning English var. Amma həm də bəhanələrimiz var, yox?:)

Özümdə və bir çox dil öyrənməyə həvəsli insanlarda müşahidə etdiyim digər bir nöqsan dili həyata düzgün tətbiq etməməkdir. Məsələn, kiməsə deyirik ki, ingiliscə məqalə oxumağa başla. Pahoo.. Açır o dəqiqə Times'ın saytını, biofizioloqların hansısa elmi kəşfini oxumağa başlayır. 2 cümlədən sonra deyir başa düşmürəm. Soruşuruq, normalda biofiziologiyaya marağın var? Azərbaycanca o haqda mütaliələr edirsən? Cavab: yox. Bəs niyə öz dilində oxumadığın, maraqlanmadığın mövzu haqda başqa bir dildə, sənə təmamilə yad olan dildə oxumağa çalışırsan? 

Toxuculuğa marağın var? Toxuculuq forumlarına qoşul, müzakirələri oxu, fikrini bildir, sual ver, cavab al.
Kitabqurdusan? Ən məşhurlarından biri - goodreads.com və milyonlarla başqa bu cür saytlar var mütaliə sevərlər üçün hansı ki, dünyanın dörd bir yanından insanlar qoşulur.
Mühəndisliyə marağın var? "Articles for engineers" - google et.

Milyonlarla resurs əlimizin altındadır, maraq dairəmiz nə olursa olsun ona uyğun sosial şəbəkə, forum, sayt mütləq tapa bilərik. Bunlardan istifadə edək, sevmədiyimiz, marağımız olmayan, öz dilimizdə belə oxumayacağımız, dinləməyəcəyimiz məlumatları başqa dildə oxumağa, dinləməyə çalışmayaq.. Dil öyrənmək bu deyil.

        6. Purpose and values of language learning

Bu əslində hər bir şeyə aiddir, həyatda atmaq istədiyimiz bütün addımlara. 
Hər bir məqsədin arxasında mütləq güclü bir səbəb və bizi o səbəbə aparacaq dəyərlər sistemi olmalıdır. Dil öyrənməyi qarşımıza məqsəd qoymuşuq? Çox gözəl. Səbəbi nədir? Mənim ilk dəfə başladığım kimi məcburiyyət? Ya içinizdən kimsə Obamanın nitqini dinlədikdən sonra American English'ə vurulub? Ya təhsilinizi ingiliscə davam etdirmək istəyirsiniz, ona görə? Yoxsa sadəcə "cool" olmaq üçün?

Əgər səbəbimiz kifayət qədər güclü deyilsə, o bizi məqsədimizə çatdıra bilməyəcək. Mən hər dəfə bezəndə, kitab-dəftəri tullamaq istəyəndə gözümün qabağına özümə verdiyim bütün sözlər, çatmaq istədiyim və ingilis dili öyrənməyimdən asılı olan bütün hədəflər gəlirdi. Və sonuna qədər davam edirdim. 

"Mənim dil öyrənmək bacarığım yoxdur", "Sözlər yadımda qalmır",  "Kursa getməyə pulum yoxdur" - hamısı boş bəhanələrdir. Dil öyrənmək üçün bizə lazım olan şeylər ancaq bunlardır: Səbəb, motivasiya, internet, stol və yumşaq stul (yerdə də otura bilərik).


Son olaraq demək istəyirəm ki,
Əlçatmaz hədəflər yoxdur. Sadəcə uğur qazanmaq istəməyənlərin yüksək tənbəllik əmsalı, fərasət çatışmazlığı və bolluca bəhanələr ehtiyatı var!


Hələlik!




Comments

Popular posts from this blog

Qaraqan - İkinci addım/Həqiqətin beş adı

Tənbəllik problemi və ya tamam başqa bir mövzu..