2017-nin bizə keçdiyi dərslər


"Bu il arıqlayacam", "Bu il çoxlu kitab oxuyacam", "Bu il özümü inkişaf etdirəcəm", "Bu il bambaşqa bir insan olacam" - deyə başladığımız bir ili daha geridə qoyduq. Qarşımıza qoyduğumuz arzularımızdan, məqsədlərimizdən əlavə hər keçən il mütləq ki bizə planlaşdırmadığımız nələrsə öyrədir. Bəzən ağrılı dərslər keçir, bəzən isə başımızı oxşayaraq yeni ümidlərlə doldurur içimizi. Çox da möhtəşəm olmayan 2017 mənə də bəzi məsləhətlər verdi. Bəzən qışqırıb "BƏSDİR" dedirdəcək qədər çətin, bəzən də mənasını zamanla çözə bildiyim qədər uzun, yorucu...

1. 2017 mənə özümü başqaları ilə müqayisə etməməyim gərəkdiyini öyrətdi. 

Bunun nə qədər lüzumsuz olduğunu, özüm üçün nə qədər dağıdıcı, yorucu, ruhdan salıcı təsirə malik olduğunu öyrətdi. Geridə qoyduğumuz il mənimçün özümü tanıma, özümü kəşf etmə baxımından çox uğurlu bir il oldu. Fərqinə varmadan illərdir mükəmməl olmağa çalışdığımı, özümü daim müqayisə obyektinə çevirdiyimi, özümün insan kimi individuallığıma hörmət etməyib daim başqası olmağa çalışdığımı anladım. "Bir igidin ömrü" deyirlər.. Mən o qədər müddət fərqində olmadan bu cür yaşadım. Hər zaman sinifdə ən yaxşı oxuyan olmaq, yoxlama işlərini ən tez yazıb müəllimə verən olmaq, hətta bayram mesajlarının belə ən gözəlini yazmaq istəyən oldum. Müasir dünyanın bizə aşılamağa çalışdığı şişirdilmiş motivasiya kitabları, videoları, məsləhətləri bunu daha da ağırlaşdırdı. Birinci olmadıqda, biri tərəfindən bəyənilmədikdə özümü şübhə altına alacaq qədər acınacaqlı vəziyyətlərə düşməyə başladım.

Bunu anlayaraq bu illər ərzində əslində özümdən nələri verdiyimi anladım. Və bunu sonunda anlaya bildiyim üçün, bu çətin dərsi mənə keçdiyi üçün 2017-ci ilə minnətdaram. 

Bütün həyatımız boyu ailə sistemimiz, təhsil sistemimiz bizə ən yaxşı olmaq məcburiyyətində olduğumuzu aşıladı. Hər zaman ailədə və sinifdə müqayisə olunmağa öyrəşdirildik. "Filankəsin uşağı....", "Bax filankəs necə oxuyur....". Bu formula, bu yaşam tərzi beynimizə zorla yeridildi, düşüncə tərzimizə otuzduruldu. Fərqində olmadan nifrət etiyimiz şeyi davam etdirməyə başladıq. Özümüzə olan hörməti itirdik. Həmişə qrupumuzdakı Ayseldən, iş yerindəki Əhməddən, qohum-əqrəba arasında yaxşı ad-san qazanmış Kamildən yaxşı olmağa çalışdıq. Öz fərdiliyimizi, öz istəklərimizi, seçimlərimizi, zövqlərimizi unutduq. Öz potensialımıza kor qaldıq. Özümüz olsaq şəxsiyyətimizə və dünyaya nələr qata biləcəyimizi düşünməz olduq. Dünyanın Ayselə, Əhmədə, Kamilə ehtiyacı olduğu kimi bizə də başqası yox, məhz BİZ kimi ehtiyacı olduğunu unutduq.


2. 2017 mənə hədəfə gedən yolda aldığım həzzin hədəfin özünə çatanda ala biləcəyim həzzdən nə qədər böyük və keyfiyyətli olduğunu öyrətdi. 

Bunu hansısa kitabda oxumuşdum. Əsas olan məqsədə çatmaq deyil, məqsədə çatmaq üçün atdığın addımlardır deyirdi. İnanmamışdım və sınamağa qərar vermişdim. Hər bir insanoğlu kimi daim qarşıma məqsədlər qoduğum üçün özümü müşahidə etməyə başladım. Təhsil, karyera hədəflərindən tutmuş sağlamlıq hədəflərinə qədər müxtəlif, çatmaq istədiyim hədəflər qoydum qarşıma. Və çalışmağa başladım. Kiçik addımlar atmağa, pillə-pillə yolumu düzəltməyə, planlı şəkildə işləməyə çalışdım. Yolun sonuna - məqsədimin olduğu yerə çatanda yolun başındakı insanla eyni insan olmadığımın fərqinə vardım. Yolun başındakı məlumatsız, tərəddüdlü, bəzən isə qorxaq insanın yerinə əziyyətlə, ayların əməyi ilə hədəfinə çatmış mübariz, inadkar, qalib bir insan dayanmışdı. Amma bunlardan da önəmlisi özümdə gördüyüm inkişaf idi. Hədəfimə çatmaq üçün o qədər çalışmış, çabalamış, özümə yeni imkanlar yaratmış, yeni qabiliyyətlər formalaşdırmışdım ki, bunları hiss etməkdən aldığım həzz hədəfimə çatmaqdan aldığım həzzdən qat-qat böyük olmuşdu. İnsan nəyinsə üzərində işləməyə başladıqda inkişafın fərqinə varmır. Çünki hər gün az-az, səbrlə işləyir. Yolun sonuna hələ çox qaldığını düşünür. Amma sona çatdıqda nələr etdiyini anlayır. 

Heç vaxt buna fikir vermirik, elə deyil? Qarşımıza məqsədlər qoyuruq, bəzən düşünülmüş, məntiqli, bəzən kor-koranə. Və onlara ya çatırıq, ya da çatmırıq. Çatanda sevinirik və sevinc hissi yavaş-yavaş keçir.. Çatmayanda kədərlənirik. Və kədər də bir müddətdən sonra damla-damla axıb gedir. Daha dayanıqlı olana, daha uzunmüddətli olana, daha dəyərli olana fikir verməyə başlasaq? Yolda qazandıqlarımızı (və itirdiklərimizi də həmçinin) yolun sonuna çatanda unutmasaq? Bizə dəyər qatanların yolda yaşadıqlarımız olduğunu anlamağa çalışsaq?


3. 2017 mənə arzularımda ilişib qalmamağı öyrətdi.

İçimizdə olan neçə nəfər "hüquqşünas" olmaq eşqi ilə alışıb yanıb, o adı qazandıqdan sonra əslində istədiyi şeyin o olmadığının fərqinə varıb? Neçə nəfər illərdir Amerikaya getmək üçün maaşından hər ay ayırıb sonda o torpaqlara ayaq basanda gözlədiyinin bu olmadığını anlayıb? Neçə nəfər aylarla qapı-qapı gəzib iş axtarıb, "nə iş olsa işləyərəm" deyib, amma işə qəbul olandan sonra bu işin ona görə olmadığına qərar verib?

Tanış gəlir mənə. Bəzən arzularımız bizim olmur. Biz onların bizim olduğunu düşünsək də, bizə məxsus olduqlarına özümüzü inandırsaq da. Arzularımız və istəklərimiz təəssüf ki, bir çox hallarda yaşadığımız cəmiyyətin əksi olur. Bəlkə sizə heç kim məsləhət görməyib hüquqşünas olmağı, amma cəmiyyət bunun ən hörmətli peşələrdən biri olduğunu illər boyu hiss etdirib. Bəlkə tanıdıqlarınızdan heç kim Amerikada olmayıb, amma sosial şəbəkədə kiminsə azadlıq heykəli ilə olan şəklinə 1000 like gəldiyini görmüsünüz. Bəlkə heç kim sizə "işləməlisən" deyib təzyiq göstərməyib amma "işləməyən dişləməz" atalar sözünü məktəb vaxtından əzbərləmisiz..

Böyüyürük. Gündən günə, aydan aya, ildən ilə böyüyürük. Bədənimizdəki hüceyrələrin əksəriyyəti daim yenilənir. Zövqlərimiz dəyişir, yaşadığımız evlər dəyişir, oxuduğumuz kitab tərzləri dəyişir. Bəs niyə arzularımızda ilişib qalırıq? Mən bu ilə qədər arzulara çatdıqdan sonra onları bəyənməməyin nankorluq olduğunu düşünürdim. Fikirləşirdim ki, axı bir zamanlar bunu dəlicəsinə istəyirdim, indi istəyimə çatmışam, bu ikiüzlülük deyilmi? Bunu qiymətləndirməli, hörmət etməli və təşəkkür etməli deyiləmmi? 

İşin əsli, deyiləm. Yox, deyiləm. Nə qədər müddət istəməyimdən, çalışmağımdan asılı olmayaraq, neçə il gözləməyimdən asılı olmayaraq xoşbəxt olmadığım peşəni davam etdirməməyə, sevmədiyim ölkəni "sevmədim, növbəti dəfə başqa yerə getsəm yaxşı olar" deyib unutmağa, mənə uyğun olmadığını düşündüyüm işdən istehfa ərizəsi yazıb çıxmağa haqqım çatır. Bu haqqı heç kim əlimdən almır, özümdən başqa.

Xoşbəxt olmadığınız yerdə ilişib qalmamağınız ümidi ilə,


Bayramınız mübarək.

Comments

Popular posts from this blog

Qaraqan - İkinci addım/Həqiqətin beş adı

Tənbəllik problemi və ya tamam başqa bir mövzu..

Əsrin bəlası - İngilis dilini necə öyrənim?