Fərqli deyilsiz, deyilik


Əslində pozitiv bir insanam. Pozitivlik sözünü necə qavramanızdan asılıdır təbii ki, bu cümləni oxuduqda qəfildən beyninizdə yaranan düşüncələr. Pozitivlik nədir? Pozitivlik haqqında statuslar paylaşmaqmı? Hər zamanmı otağın küncündə hamıdan ayrı oturub zarafatlara gülməyən adamlar pessimist olur? "Facebookda uğur haqqında status paylaşanlar deyil sizin ən uğurlu dostlarınız" deyə bir şey oxumuşdum bu yaxınlarda. Oxuduqlarımızlamı mühakimə olunaq, yarımçıq qoyduqlarımızlamı, yoxsa heç oxumadan kənara atdıqlarımızlamı?

Yaxın zamanlara qədər öz varlığının təkraredilməzliyinə inanan bir insanoğlu idim. Hamımız fərqliyik, bu sözü həmişə eşidirik, hə? Hər birimiz ayrılıqda mükəmməl, orijinal sənət əsərləriyik. 

Orijinal sənət əsərləri hər zamanmı mükəmməl olur? Hər zamanmı seçirik onları evimizin ən gözəl guşəsindən asmağı? 

Həqiqət odur ki, hamınız eynisiniz, eyniyik. Heç birimiz qeyri-adi, təkrarolunmaz deyilik. Və hər birimizi əvəz edəcək bir yığın insan mütləq ki, var. Bizi qeyri-adi edən, əvəzedilməz olduğumuz illuziyasına bizi qapdıran həyatına daxil olduğumuz insanların bizə qatdığı dəyərdir. Çox zaman yerdən yerə vurub parçaladığımız o dəyər.

Təkrarolunmazlığa hansı prizmadan yanaşmağımızdan da asılıdır bu, təbii. 

Məncə, "mən xüsusi bir insanoğluyam" deyə bilmək üçün xüsusi olanı yaradacaq cəsarətə sahib olmaq gərəkdir. 

Yaratmaq

Biz hər zaman təkrarlar eləməyi sevirik. Hətta dilimizə yad olmayan tərbiyəvi məsləhətlərimiz də var bu haqda - "təkrar biliyin anasıdır". Bilik? Başqalarının fikirlərinin beynimizə hopdurulmasına verdiyimiz ad bilikdirsə, təkrarın onun anası olmağına təəccüblənməmək gərək. Eyni fikirləri oxuyub eyni cür düşünür və eyni cür yaşayırıq. 

Nə zaman fərqli olmaq istəsəniz, yaradın. 
Nə zaman əvəzolunmaz olmaq istəsəniz, heç kimin deməyə cəsarət etmədiyini deyin.
Nə zaman təkrarolunmaz olmaq istəsəniz, hər kəsin sizə daş atacağını bilə-bilə gözləriniz qanayaraq həqiqəti gördüyünüzü deyin.

Əks halda,

Fərqli deyilsiz, deyilik.

Comments

Popular posts from this blog

Qaraqan - İkinci addım/Həqiqətin beş adı

Tənbəllik problemi və ya tamam başqa bir mövzu..

Əsrin bəlası - İngilis dilini necə öyrənim?