Hələ də "Ana" deyə bilmək şansınız varsa əgər..


Yeni telefonlar, sosial şəbəkələr, Facebookdan gələn "like"lar, Instagramın "follower"ləri, hazırlaşdığımız imtahanlar, getdiyimiz ingilis dili, rus dili kursları, xaricdə təhsil xəyallarımız, dostlarımızla saatlar çəkən gəzintilərimiz - qısası, həyatın bizə sunduğu hər şey bəzən istəməsək də gözümüzün önündə olan, ən dəyərlilərimizi unutdurur bizə.
Balaca uşaqlara tez-tez verilən bir sual var, yəqin hamımız qarşılaşmışıq bu sualla: "ananı çox istəyirsən, atanı?" Hərçənd ki, mənim verdiyim cavab yadımda deyil, tək xatırladığım şey odur ki, sevmirdim bu sualı. Bəs sual versəm ki, "Ananı çox istəyirsənmi?" yəqin ki, düşünmədən, götür-qoy etmədən, uzun analizlərə ehtiyac olmadan əksəriyyətin verdiyi cavab "əlbəttə" olacaq. Bəziləriniz bu suala yersiz bir sualmış kimi də baxa bilər. Normaldır.

Bəs sual versəm ki, çox istəməyinizi, verdiyiniz sonsuz dəyəri, sevgini və hörməti ən son nə zaman sözlə, ya əməllərinizlə ifadə etmisiz? Güman edirəm ən azı auditoriyamın 50%-i "bu gün", ya da "dünən" cavablarını verməyə qadir olacaq.

Mən isə bu yazımda digər 50%-dən danışmaq istəyirəm. Çünki mən də onlardan biri idim.

"Ananı çox istəyirsən, atanı?" sualını ona görə sevmirdim ki, cavab mənimçün hər zaman anam idi. Uşaqlıdan ajotajdan, mübahisədən, yersiz atmacalardan, replikalardan qaçan biri olmuşam. Bu sualdan necə qaçdığım yadımda deyil, amma həqiqətin doğru qavranılmayacağını, həzm edilmək üçün çox iri bir "tikə" olduğunu bilirdim.

Ananın övlada, ya övladın anaya olan sevgisini tam şəkildə ifadə etmək üçün hansı sözləri seçmək olar ki? Hansı söz, söz birləşməsi, ifadə, cümlə, şeir, məqalə, əsər bu sevgini bütünlüklə özündə əks etdirə bilmək üçün kifayət edə bilər ki? 

İnsan kimi ən böyük nankorluğumuz bilirsiz nədi? Məncə, nə daim pul üçün bir-birimizin ətini yeməyimiz, nə başqasının haqqını öz haqqımızdan aşağıda tutmağımız, nə də özümüzə rəva bilmədiyimizi başqasına rəva bilməyimizdir. Sahib olduğumuz nankorluq genlərinin içərisində birinci yerə çıxacaq olanı öyrəşmək qabiliyyətimiz, ya da lənətimizdir. 


Öyrəşmək

Universitetə girmək üçün illərlə əziyyət çəkirik. Hazırlıqlara qaçırıq isti, soyuq demədən. Sosial həyatımızdan qurbanlar verib səhəri kitabın başında açırıq. Üst-üstə qoysaq bir ailənin iki illik gəlir mənbəyi olacaq məbləği kitablara, test banklarına veririk. Gün gəlir, qəbul oluruq. Anlıq həzz.. Dərslər başlayır, sentyabr keçir. Öyrəşirik. Sıxılırıq. Əvvəlki minnətdarlıq hissi, şükr etmə, qalibiyyət duyğusu yoxdur. Öyrəşirik. Dərsdən qaçmağa da, aşağı qiymətlə kifayətlənməyə də, "bu dərs mənasızdır" deməyə də.

Yeni biri ilə tanış oluruq. Fikirləri çox xoşumuza gəlir. İşləri, nəaliyyətləri, hadisələri qiymətləndirməsi, baxış tərzi, hər şeyi ilə bizi heyran edir. Çox istəyirik ki, o insanla daimi ünsiyyət qura bilək, dostlaşaq. Dostlaşırıq. Bir ay, beş ay, bir il. Whatsapp mesajları seyrəkləşməyə başlayır. Hər həftə olan görüşlər, səbəbsiz verilən hədiyyələr, ad günündə yazılan uzun mesajlar, bir şey seçəndə şəklini çəkib göndərmək, fikrini soruşmaq.. Hamısı seyrəkləşir. Bunu nankorluğa çevirən isə hamısının səbəbsiz, sakitcə, hər iki (və ya çox) tərəfin razılığı ilə baş verməsidir.

Cəmiyyətdə ən az danışılan nankorluq ailəyə, valideynə öyrəşmədən doğan nankorluqdur. Ailəmiz, anamız, atamız həmişə bizim yanımızda olublar, elə deyil? Biz onlarla yaşayırıq. Məktəbə getməmişdən əvvəl qapının ağzında anamıza "sağol" deyirik, evə qayıdanda "maaa, yeməyə nə var?" deyirik. Onlar hər an yanımızdadırlar. Bu bizi arxayın edir. Bu bizi mənasız bir arxayınçılığa aparır - onlar onsuz da həmişə yanımdadırlar. Bu əsassız fikrə görə vaxtımızın çoxunu monitor arxasında, dərs oxuyaraq, dostlarımızın yanında, sosial şəbəkələrdə keçiririk. Onlar onsuz da nə zaman ehtiyacımız olsa yanımızdadırlar axı.. Səslənmək kifayət edər "Anaaa.."  "Ataaa.."

Nankorlaşırıq. Onlara olan sevgimizi kifayət qədər ifadə etmirik. Düşünürük ki, bilirlər. Düşünürük ki, hələ vaxtımız var. Səhv edirik..

O qədər böyük səhv edirik ki, hər bir insan kimi onlara ayrılmış ömrün də bir müddəti, əvvəli və sonu olduğunu, həyatın faniliyinin onlar üçün də keçərli olduğunu unuduruq. Və bir gün o zaman gəlib çatdıqda, hər şey üçün gec olduğunun fərqinə varmaqla bərabər, göstərmədiyimiz hər sevgi zərrəciyi üçün peşmanlıq çəkirik. "Bircə dəfə də anamı bərk-bərk bağrıma basa bilsəydim.." cümləsinin heç nəyi dəyişdirməyəcəyini bilmək və bunu daim beyninin bir köşəsində daşımaq heç bir kitabdan oxumayacağınız, heç bir filmdən duya bilməyəcəyiniz bir faciədir.

Bu gün, bu məqaləni oxuduqdan sonra gedin ən sevdiyinizi bağrınıza basın. Ona nə qədər dəyər verdiyinizi sözlərinizlə, hərəkətlərinizlə göstərin. Və bunu bu gün üçün yox, hər gün üçün edin. İnanın ki, həyat hansısa narazılığı, fikir ayrılığını, mübahisəni qəlbimizdə bəsləyib böyüdəcək qədər, onun bizi nankor birinə çevirməyini gözləyəcək qədər uzun deyil.

Yolun ortasında etdiklərinizə görə yolun sonunda peşman olmayasız deyə...

Comments

Popular posts from this blog

Qaraqan - İkinci addım/Həqiqətin beş adı

Tənbəllik problemi və ya tamam başqa bir mövzu..

Əsrin bəlası - İngilis dilini necə öyrənim?