Blue corn 3-in-1 deep cleansing mask/Problemli dərilərin xilaskarı


Bu gün yeni bir məhsul haqqında şəxsi fikirlərimi bölüşmək istəyirəm. İlk öncə bunu qeyd edim ki, yağlıya meyilli qarışıq dəri tipim olduğuna görə yağ balanslaşdırıcı məhsullara üstünlük verirəm və bu məhsullar tez-tez dəyişir. Dərim sızanaqlı və qaran nöqtəli olduğu üçün (yağlı dərilər üçün qeyri-adi bir hal deyil) problemli dərilər qrupuna aid edirəm. Tez-tez istifadə etdiyim məhsullar dəyişir. Hər nəisə. Bu məhsulu mağazada satıcı məsləhət gördü. Problemli və qarışıq dəri tipi üçün maska axtardığımı deyəndə elə birinci bu maskanı göstərdi və effektiv vasitə olduğunu söylədi. Qablaşdırmanın üzərini oxuduqdan sonra almağa qərar verdim və fikirlərimi sizinlə bölüşmək istədim.


İlk öncə qeyd edim ki, məhsul "The body shop" brendinə məxsusdur, yəni organic`dir. Daha sadə şəkildə desək, təbii məhsuldur. Qablaşdırmanı açanda belə bir görüntü ilə rastlaşacaqsınız.


Göründüyü kimi maska qatı bir məhsuldur. Qoxlamağa cəhd göstərməsəniz yaxşı olar, çünki heç də xoş bir qoxusu yoxdur :)) Əlinizlə maskaya toxunduğunuzda da qatılığının fərqinə varacaqsınız. Bu cəhətinə görə mən gil maskalarına bənzətdim bu məhsulu. Elə aldığım gün də sınamağa qərar verdim. Qablaşdırmanın da üzərində yazıldığı kimi üzə dairəvi hərəkətlərlə məhsulu vurmaq lazımdır. Bu "soyma effekti" yaratmaq üçündür. Məhsulu üzünüzə tətbiq etməlisiniz. Məhsul üzdə 15-20 dəqiqə saxlanılmalı, sonra isə yuyulmalıdır. Hərçənd ki, mən tam ürəyim rahat olsun deyə 30 dəqiqə saxlayıram hər zaman. Amma onsuz da mənə elə gəlir ki, maska nə edirsə, qablaşdırmanın üzərində də qeyd olunduğu kimi 15-20 dəqiqə ərzində edir. Bunu hardan hiss edirəm mi? Çünki maskanı üzünüzə tətbiq etdikdən sonra yanmaya bənzər bir hiss yaşayırsınız. Sanki üzünüzdə nəsə kimyəvi bir proses baş verir. Bu da maskanın fəaliyyətə keçdiyini göstərir. Sözün düzü, mən bu cür məhsulları - maska olsun, tonik olsun, nəmləndirici krem olsun fərq etməz - çox sevirəm, çünki məhsulun həqiqətən də nəsə etdiyini, yuduqdan sonra da effektinin itməyəcəyini hiss edirəm. 
Dediyim kimi, 15-20 dəqiqə sonra bu yanma hissi tədricən yox olur.Yeri gəlmişkən, qeyd edim ki, qablaşdırmanın üzərində normal və yağlı dərilər üçün yazılsa da, normal dərili insanlara mən məsləhət görməzdim. Daha çox qarışıq və yağlı dərilərin xilaskarı deyərdim bu məhsula. Normal dərili insanlar istifadə etmək istəsələr belə bütün üzünə yox, ancaq problemli hissələrə, yəni sızanaq və ya qara nöqtə olan hissələrə tətbiq etsələr daha məqsədəuyğun olar. Quru dərisi olanlar isə qətiyyən bu məhsula 5 metrdən çox yaxınlaşmasınlar!!! :)

Belə, maskamızı tətbiq etdik, vaxtını gözlədik və yuduq. 

NƏTİCƏSİNDƏN RAZIYAM MI?

Dediyim kimi, problemli bir dərim olduğu üçün heç bir məhsuldan 100% razı qalmamışam bu günə qədər. Hətta dermotoloq məsləhəti ilə işlətdiyim məhsullardan da. Amma tam əminliklə bu məhsulu mənim kimi qarışıq və yağlı dərilərə sahib insanlara məshələt görə bilərəm. Dərinizin inanılmaz dərəcədə təmizləndiyini hiss edəcəksiniz. Əlinizi üzünüzə vurduğunuzda (ən çox mənim kimi qarışıq dəriyə sahib insanlar nə demək istədiyimi başa düşəcək) alın, burun ətrafı və çənə hissəsində əlinizdə yağlı bir hiss olmayacaq. Çox effektiv bir maskadır.

Amma hər nə qədər effektiv olsa da, maskadan möcüzələr gözləməyin. Tətbiq edəcəm və qara nöqtələrim tamamilə gedəcək, ya da sızanaqlarım yox olacaqmış kimi xəyallar qurmayın. Ümumiyyətlə heç bir məhsuldan belə şeylər gözləməyin :) Məhsullara qarşı yalnış gözləntilərimiz olsa, xəyal qırıqlığı yaşayarıq. "Deep cleansing" bir maska kimi qablaşdırmanın üzərində yazıldığını artıqlaması ilə yerinə yetirir. Öhdəsinə düşəni üzü ağ alnı açıq şəkildə edir yəni :) Amma siz daha gözəl, daha yüksək nəticələr gözləyirsinizsə şəhərimizdəki kosmetoloji salonlara baş çəkməlisiniz :)

Ümid edirəm kömək ola bildim,

See you later :)


Comments

Popular posts from this blog

Qaraqan - İkinci addım/Həqiqətin beş adı

Tənbəllik problemi və ya tamam başqa bir mövzu..

Əsrin bəlası - İngilis dilini necə öyrənim?