Bella Napoli Ristorante Napoletano - Bakıda italyan restoranı


Hər kəsə salam! :)
Yeni məkanları kəşf etməyi sevən biriyəm. Ən sevdiyim cafe və ya restorana belə 2 dəfədən artıq getməyi üstün tutmuram. Yeni məkanlar, yeni ləzzətlər və yeni insanlar mənim üçün ən ideal olandır. Bu dəfə instagram sosial şəbəkəsində qarşıma çıxan və şəkilləri ilə məni özünə cəlb edən bu məkanı ziyarət etməyi qərara aldım. Şərhlərdən oxuduğum qədəri ilə hər kəs yeməklərin ləziz olmasından, ofisiantların gülərüz və mehriban olmasından razılıq edirdi. Həm də qiymətlərin münasib olduğu deyilirdi ki, bu da şəhərimizdə avropa mətbəxinə yer verən məkanlar üçün nadir görünən bir haldır. Bəs həqiqətən deyildiyi qədər oldumu? Məkandan razı qaldıqmı? Restoranın yerləşdiyi məkandan tutmuş kollektivinə qədər hər şey haqqında, ən xırda detallarına qədər fikirlərim exclusive sizlər üçün :D 

Bu gözəgəlimli məkan Malakan bağının yaxınlığında yerləşir. Çöldən o qədər də geniş ərazisi olmayan restoranın içinə daxil olduqda xoş bir aura dərhal ətrafınızı bürüyür. Həzin mahnı, sakit mühit, gözəl dizayn, sakitləşdirici rənglər.. Oturmaq üçün yer seçərkən ofisiantlardan biri bizə yaxınlaşır. Kəşkə yaxınlaşmasaydı. Həyatımda gördüyüm ən qaşqabaqlı ofisiantdır desəm, sol çiynimdəki mələk əlinə qələmi almaz yəqin ki. Nəisə, qapıya yaxın bir yer seçib oturduq. Yox, hesabı ödəməmiş qaçmaq fikrimiz yox idi, sadəcə həmin qaşqabaqlı ofisiantı daha çox danışdırmaq istəmədik. Yeri gəlmişkən, instagramda kollektiv çox mehribandır filan yazanlarla əlaqə saxlamaq gəldi içimdən. Görəsən ofisiant həmin gün sevgilisi ilə dalaşmışdımı, yoxsa bizimi bəyənmədi, anlaya bilmədik. Menyu gəldi, yeməyimizi seçməyə başladıq. Mən restorana gəlmədən öncə kifayət qədər instagram profilində kiçicik bir "səyahət" etdiyim üçün gözümə ən ləziz görünən pizzanın (italyan restoranına gəlib pizza yeməmək olmazdı) şəklini telefonumda saxlamışdım ki, sifariş edim. Adı yazılsaydı adını da saxlayardım, amma yox idi. Şəkli ofisianta gösərib həmin pizzadan istədiyimi dedim. Ofisiant şəkilə uzun-uzun nəzər saldıqdan sonra qərara gəldi ki, dosta zəng xidmətindən istifadə etsin və digər bir ofisiantı çağırıb şəkili göstərdi. O da başını bulayıb getdi təəssüf ki. Nəbilim vallah, bəlkə deyəcəksiniz ki, indi burda nə var ki, yeməyi ofisiant bişirmir ki, yalnız servis edir, bilməməyi normaldır. Amma ən azından gözləyirdim ki, aşbaza göstərsin. Müştəri məmnuniyyəti deyilən bir şey var və mən buna yediyim yeməkdən daha çox önəm verən bir insanam.




Yenidən bizim qaşqabaqlı ofisiant şəkilə nəzər salıb buna bənzər bir pizza olduğuna bizi əmin edərək menyuda bir seçim təklif etdi. Yeri gəlmişkən, mənim Bakıdakı məkanlarda ən, ən, ən və ən nifrət elədiyim bir nüans işıq üzünə çıxdı bu zaman. Ofisiant ya Azərbaycan dilində bilmirdi, ya da danışmağı özünə sığışdırmırdı. Rusca danışırdı. Kəşkə elə bir səlahiyyətim olsa, Bakı şəhərində bütün rus dili hegemonluğu olan məkanların qapısına möhür vursam..

Vəəəə o çox gözlənilən pizzamızı gözləyərkən məkanın gözəlliyindən, rahatlaşdırıcı havasından həzz almağı qərara aldıq. İnanılmaz gözəl interyer, inanılmaz gözəl enerji.. Bu məkanın dizaynını kim düşünübsə, şəxsən onunla tanış olub bol-bol təşəkkür etmək gəldi içimdən. Təbii, əgər o da dilimizi ayağının altında tapdalayan biri deyilsə.

Vəəəəəə o çox gözlənilən pizzamız təşrif buyurdu. Görünüşü qətiyyən şəkildəki görünüş deyildi, amma buna görə ofisiantı günahlandıra bilmərəm, çünki onsuz da tam olaraq həmin pizzadan olmayacağı barədə xəbərdar etmişdi bizi. Pizzanı o ümidlə kəsdim ki, o ümidlə dilimləyib ağzıma apardım ki, bir italyan pizzası madoda, pizza inndə, pizza hatda (reklamlar bitdi, seyrə davam) yediyim pizzalardan qat-qat ləziz olacaq, dadı damağımda qalacaq və mən sırf bu pizzaya görə məkandakı bütün negativlikləri unudub yenidən və yenidən buraya üz tutacağam. Pizzanın dadını ifadə etməyimi istəyirsinizsə, sadəcə olaraq onu deyə bilərəm ki, əgər italyanların pizzası həqiqətən də bu cür dadırsa, bütün səmimiyyətimlə deyirəm, mən "azərbaycanski" pizzaya üstünlük verirəm. Bir az yaxşı, bir az pis pizzamızı bitirdik və əllərimizi yumaq üçün yolu soruşduq. Başqa bir ofisiantdan soruşduq yolu, amma onun da Azərbaycan dili qıt olduğundan işarə dili ilə anlaşmağa məcbur olduq. Restoranın özü kimi WC-si də gözəl dizaynda idi. Qapıların üzərindəki işarələrdən belə qənaətə gəldim ki, italyan dilində DONNA - QADIN, UOMO - KİŞİ deməkdir. Durduğumuz yerdə italyanca iki yeni söz öyrəndik, nəyi pisdir ki?



WC restoranın düüüüz o başında olduğundan qayıdarkən görmədiyimiz iç tərəflərə nəzər saldıq. İçimdən kəşkə buralarda otursaydıq demədiyimi deyə bilmərəm. Əgər ikinci dəfə gedəsi olsaq (ki buna qətiyyən ehtimal vermirəm) mütləq içəri tərəflərdə oturacağam və əsla pizza sifarişi verməyəcəyəmmmm.

Aşağıdakı qırmızı peçi görürsünüzmü? (dəqiq adının nə olduğunu bilmirəm, mən peç deyirəm). Pizzalar orda bişirmiş. Vallah, instagramın yalançısıyam. Orada bişmirsə demək kollektivin gülərüz olduğunu yazan əhali ilə pizzaların orada bişdiyini yazan əhali eyni əhalidir. Yadıma düşmüşkən, instagramda oxumuşdum ki, bu restoranda müştəri özü şəxsən pizzaların hazırlanması prosesində iştirak edə bilər. Məni məkana cəlb edən əsas nüans da bu olmuşdu, düzü. Düşündüm ki, aşbaz papağı filan taxacağam (yeri gəlmişkən, o papaqdan almaq istəyirəm), mətbəxə girib bir-iki botosessiya çəkdirəcəyəm, üzüm gözüm ağ un olacaq filan. Ehh, instagram, ehh. Məni hüsrana uğratdın, lənətə gəlmiş sosial şəbəkə. Ofisiant bizə elə sifət göstərmədi ki, mən ağzımı açıb pizza bişirmək istədiyimi deyim :( Gökhan Özenin yeri məlum, "resimler, hayaller paramparça..."

Amma, adamın üstündə Allah var, o qırmızı peç tərəfdə bir oğlan dayanmışdı, bilmirəm ofisiant idi, aşbaz idi, nə idi. O çox mehriban və gülərüz, həm də azərbaycanca danışan oğlan idi. Kəşkə bizim ofisiantımız o olsaymış. Həyat bəzən insanları bir-birindən ayrırı ki, onlar bir-biri üçün nə qədər özəl və dəyərli olduğunu anlasınlar :( Gördü ki, məkanın şəkillərini çəkirəm, dedi istəyirsiniz verin sizin şəkillərinizi çəkim. Biz də fürsətdən istifadə peç ilə şəkil çəkdirdik. Bu qədər yol gəlmişəm, bir də hardan tapacağam elə peç ki, şəkil çəkdirim. Düz demirəm? Nə vaxtsa bu məqaləni oxusa, həmin oğlana efir vasitəsilə demək istəyirəm ki, oralarda heyif olacaqsan, vallah, sən daha yaxşılarına layiqsən :(





Yenidən masamıza qayıdıb hesabı istədik. Məkanın dizaynı kimi, aurası kimi, interneyi kimi gələn "hesab" da olduqca kreativ və maraqlı oldu. İndiyə qədər gəzidiyim cafe və restoranların heç birində belə pozitiv bir "hesab"la qarşılaşmamışdım :) Bir an ağlımdan keçdi ki, bəlkə exclusive, bizə özəldir bu :))) Amma təəssüf ki, əziz bella napoli ailəsi, çətin ki, bir də sizin məkana qayıdım. Qayıdaram, amma içəridə heç kim olmasa. :) 

Belə. Ümid edirəm məkan haqqında ətraflı məlumat verə bildim. Ümumi qiymətləndirsək bir fincan çay içib şirniyyat yemək üçün məncə pis məkan deyil. Ən azından gedib bir-iki şəkil çəkdirə biləcəksiniz. Arxa fonlar həddindən artıq müxtəlif və maraqlıdır. Amma əgər mənim kimi Azərbaycanda yaşayıb rus dilində biznes yürüdən insanları boğmaq istəyən birisinizsə, uzaq durun ordan. Əsəblərinizə yazıqdır.







Comments

Popular posts from this blog

Qaraqan - İkinci addım/Həqiqətin beş adı

Tənbəllik problemi və ya tamam başqa bir mövzu..

Əsrin bəlası - İngilis dilini necə öyrənim?