Künefe Evi - İşinin peşəkarı


Hər kəsə salam! :) Uzun müddətdir blog yazmağa ara vermişdim. İşlərimlə əlaqədar. Açığı nədənsə həvəsim də ölmüşdü. Ancaq son günlər işlərimi planlaşdırıb, vaxtımı nizamlayıb və bütün gücümü toplayıb çoxdandır getdiyim məkan haqqında yazmağa qərar verdim. Çoxunuz şübhəsiz ki, bu məkanı tanıyırsınız və sevirsiniz də. Ancaq tanımayanlar varsa, ya da adını eşidib, yolda görüb getməkdə tərəddüd edənlər varsa bu məqalə onlar üçün maraqlı, gərəkli olar deyə düşündüm. Açığı, uzun ayrılıqdan sonra yazmağa çox həvəsliyəm, barmaqlarım necə deyərlər, sözümə baxmır, bütün səhifəni doldurmaq istəyir!!!

Künefe evi bəlkə də mənim ən çox getdiyim və ən çox razı qaldığım məkandır. Eyni bir məkana ilişib qalmağı sevmədiyimi, hər dəfə fərqli məkanlara üstünlük verdiyimi səhv etmirəmsə ötən blog yazılarımdan birində qeyd etmişdim. Lakin Künefe evi sözün əsl mənasında istisna oldu mənimçün!
Adını çəkdiyim restoran
Bakı şəhərində üç fərqli məkanda yerləşir. Sözün düzü mən birinci açılan ünvanda olmuşam həmişə, digər ikisində olmamışam, ancaq mütləq vaxt edib gedəcəyəm. Gedəcəyəm ki, görüm oralardan da belə razı qalıram mı, yoxsa bu cür mühit və bu cür ləziz təamlar ancaq bir ünvandadır? :) Sizdən kiçik bir xahişim olacaq, nəzərə alın ki, mənim yazdıqlarım və yazacaqlarım ancaq H.Cavid prospektindəki Künefe evinə aiddir. Dediyim kimi, digər ünvanlardakı vəziyyətdən xəbərsizəm.

Niyə bu məkanı belə çox sevirəm? Hər şeydən öncə gülərüz, şən personala görə. Dediyim kimi, uzun müddətdir Künefe evinə gedirəm, necə deyərlər uzun müddətdir orda "çörək kəsirəm". Neçə neçə ofisiantlar dəyişib mən ora gedib-gələn müddət ərzində, neçə-neçə müxtəlif ofisiantlar xidmət edib mən oturan masaya. Ancaq bir dəfə də olsun neqativ bir hal yaşamamışam, bir dəfə də olsun xoşagəlməz münasibət görməmişəm personaldan. Əksinə, Bakıda heç bir məkanda görmədiyim xoş auranı, pozitivliyi, müştəriyə verilən qiyməti və dəyəri görmüşəm!


Elə qapıdan içəri girən kimi sizi içəri dəvət edir, salamlayır gülərüz personal. Hətta, bəzən qapıdan içəri girməyə belə aman verməmiş, əgər restoranın önündən keçirsinizsə, "buyrun, buyrun" deyərək heç ağlınızda yoxkən, heç iştahınız belə yoxkən yemək yeməyə vadar edə bilərlər :D Mənə həmişə maraqlı olub, görəsən Künefe evinin kollektivi işə götürülən zaman rəhbərlik tərəfindən xüsusi olaraq bu barədə təlimatlandırılıb mı? Çox güman ki, hə. Və məncə bu bütün cafe və restoranlarda olması gərəkən şeydir. Bir də görürsən, hansısa restoranda yeməklər pisdir, yaxşı bişməyib, ancaq personal elə qayğı ilə yanaşır ki, adama, ürəyin gəlmir həmin məkan haqqında pis nəsə deyəsən.. Müştəri məmnuniyyəti önəmli faktordur.


Keçək yeməyə.. Desəm ki, indiyə qədər Künefe evinin menyusunu neçə dəfə vərəqlədiyimi və neçə fərqli yemək sifariş etdiyimi unutmuşam, ancaq bir dəfə də olsun bəyənmədiyim yemək, şirniyyat olmayıb, inanarsınızmı? Mən də inanmazdım. Həm də yemək mövzusunda bu qədər kaprizli insan olduğumu nəzərə alsaq. Ancaq bu bir gerçəkdir. Çox müxtəlif yeməklər yemişəm orda. Mimoza salatından tutmuş, adi tostundan tutmuş, müxtəlif növdə kababına kimi. Hamısının da haqqını veriblər. Xüsusilə mimoza salatını qeyd etmək istəyirəm. Heç şişirtmirəm, əgər mimoza salatını sevirsinizsə, Bakıda heç şübhəsiz ən ləziz mimoza salatı hazırlayan məkan Künefe Evidir! Daddıqdan sonra nə demək istədiyimi anlayacqsınız və əminəm ki, uzun illər mənə dua edəcəksiniz! :)

Və bir də heç vaxt unuda bilməyəcəyim o ləziz
qarışıq tost.. O necə bir ləzzətdir, o necə bir daddır.. Məqaləni yaza-yaza xatırladım, ürəyim yaman tost istədi:( İnanılmaz dərəcədə gözəl qarışıq tostları olur. Hərçənd ki, hansısa bilmədiyim, çözmədiyim sirli bir səbəbdən tostlar çox gec-gec olur Künefe Evində, olanda da hədsiz, heç bir yeməkdə olmadığı qədər gec gəlir. Nəzərə alsaq ki, sifarişin gec gəlməyi Künefe evi üçün xarakterik, alışılmış bir şey deyil, adam təəccüblənir. Amma əgər bəxtiniz gətirərsə, qarışıq tost varsa, gözləməyə dəyər, əmin olun! 


Hər yeməyin adını tək-tək qeyd etmək istəmirəm, amma qarışıq pidenin adını çəkməsəm vicdan əzabı çəkərəm. Səmimi deyirəm, mən Bakının heç bir məkanında elə böyük və elə ləziz pide yeməmişəm. Onsuz da, adi halda, pide, pizza, lahmacun tipli yeməkləri sevən biri deyiləm niyəsə. Amma Künefe Evi mənə pideni də, lahmacunu da sevdirdi (pizza hələ ki, yeməmişəm). Amma nəbadə bir pideni tək özünüzə sifariş verəsiniz. Ləziz olduğu doğrudur, ancaq tək yeyə biləcəyiniz qədər kiçik deyil :D Yadıma düşmüşkən, porsiyalardan da bəhs edim. Künefe Evini sevməyimin daha bir səbəbi, porsiya məsələsində çox genişürəkli olmağıdır! Porsiyalar inanılmaz böyük olur, digər məkanlardan fərqli olaraq boşqabın dörddə birini yox, hamısını tutur :)

Şirniyyatlara gəldikdə, bir o qədər də şirniyyat yeyən insan deyiləm. Ona görə
Künefe Evində ancaq tiramissu yemişəm indiyə qədər. Və inanılmaz bəyənmişəm. İ-na-nıl-maz! Adının Künefe Evi olmağına baxmayın, mən də ilk dəfə adını oxuyanda düşündüm yəqin ancaq künefeni yaxşı bişirilər. Ancaq indiyə qədər künefedən başqa demək olar ki, hər şeyi dadmışam və sizə zəmanət verirəm ki, bu adamlar işini çox gözəl görür!

Bir də arada daimi müştərilərinə kiçik çay süfrəsi hədiyyə edir, ofisiantların dediyinə görə müdiriyyətin tapşırığıdır. Əgər nə vaxtsa bu blog yazısını oxusalar onlara bir daha təşəkkür etmək istəyirəm bütün incəliklərinə və pozitivliklərinə görə. :)

Künefe evi barəsində tək bəyənmədiyim cəhət restoranın çox balaca olması idi. Keyfiyyətli bir məkan olduğundan günün ortasından başlayaraq içəridə bütün masalar dolurdu və bəzən gedib yer tapmadığım da olurdu. Ancaq şükrlər olsun ki, şəhərdə daha iki fərqli ünvanda açıldı. Və bir də ki.. Künefe Evinə görə ayaq üstə gözləməyə dəyər!!! :)


Restoranın veb saytı: kunefe.az


Ünvan: Aziz Aliyev 33, Baku, Azərbaycan,

Nəsimi rayonu Cavadxan küçəsi 3005 ci məhəllə

H. Cavid prospekti 556/57




Facebook: https://www.facebook.com/kunefe.evi.baku


Youtube: youtube.com/kunefe



P.S. Şəkillərin restoranın veb saytından götürülmüşdür.


Comments

Popular posts from this blog

Qaraqan - İkinci addım/Həqiqətin beş adı

Tənbəllik problemi və ya tamam başqa bir mövzu..

Əsrin bəlası - İngilis dilini necə öyrənim?