Tənbəllik problemi və ya tamam başqa bir mövzu..
Salamlar
hər kəsə!
Uzun
zamandır blogumun qayğısına qalmadığımın fərqindəyəm. Gündəlik məqalə
paylaşmasam da demək olar ki, hər gün girib blogun statistikalarını nəzərdən
keçirirdim. Qaraqanın kitabı haqqında yazdığım məqaləyə google dayının da köməyi
ilə hədsiz baxış sayı gəlib. Və bu da məni əlbəttə ki, çox sevindirdi. Diqqətiniz
üçün minnətdaram!
Ancaq
çox təəssüflər olsun ki, bu gün hər hansı bir kitab resenziyası ilə gəlməmişəm
hüzurunuza. Yazmağı çox istəyirəm əslində. Bölüşmək üçün can atdığım o qədər
fikir, düşüncə, məkan, kitab, məhsul, hadisə var ki. Ancaq son zamanlar
motivasiya əksikliyi yaşayıram. Son üç imtahanımı vermək uğrunda hal-hazırda gərgin
bir mübarizədəyəm, tətili də dörd gözlə gözləyirəm. Yəqin ki, mənim kimiləriniz
çoxdur. Əgər varsınızsa hay verin))
Fikirlərim
çox qarışıqdır və qərara gəldim ki, hər zaman üçün pulsuz və ən effektiv
üsuldan – yazı terapiyasından istifadə edim. Yazım. Amma özüm üçün yox, qoy bu
dəfə coşan fikirlərimi başqaları da oxusun.
Hərdən
düşünürəm ki, yeniyetmələrdəki, gənclərdəki (özüm də başda olmaqla), elə yaşlı
insanlarımızdakı bu ruh düşkünlüyü, plansızlıq, rejimsizlik niyədir? Oxuyub, əziyyət
çəkib, gecəmi gündüzümə qatıb sevdiyim, istədiyim universitetə və istədiyim
ixtisasa, həm də dövlət sifarişi ilə qəbul olmuşam bundan bir neçə il öncə. Bəs
bu həvəssizlik, tətili həsrətlə gözləmək, istirahət eşqi nədəndir? Axı insan
sevdiyi bir şeylə məşğul olanda ondan zövq almalıdır.. Bir də ki, axı nəsə əziyyətli
bir iş də görməmişəm il boyu. Tənəffüsdə oxu, əzbərlə, bal al, bir də 4-5 dərs
sonra yenidən eyni ritual. Düşünürəm ki, mən diplomu hansı savadıma, təhsilimə
görə alacağam? Yaşıdlarım da mənlə eyni vəziyyətdə.. Yox, yox, mən anlayıram
ki, bütün günahı universitetin, dövlətin üzərinə yıxmaq qəhrəmanlıq deyil. Mən
çox gözəl başa düşürəm ki, istəsəydik çox şeyləri özümüz əldə edə bilərdik. Ən
azından əlimizin altında internet kimi böyük bir informasiya resursu var. Amma
biz heç nəsə eləməyə çalışmaqdıq da.
Nədir bu
kütləvi tənbəlləşmə? Haradan qaynaqlanır? Çözümü haradan başlanır?
Məktəb
illərimi xatırlayıram. Düzdür, ibtidai sinfidə əlaçı olmuşam. Sonradan başlayıb
dəcəlliklərim :D Amma yaxşı oxuduğum vaxtlarda belə hər zaman bir plansızlıq, həvəssizlik
var idi. Yadımdadır, ev tapşırıqlarımı məktəbdə edərdim ki, evdə rahat olum. Nədir
axı bu rahat olmaq istəyi? Nəyə görə biz dərs oxuyanda, ya da hər hansı bir işi
görəndə özümü narahat hiss edirik, amma boş-bekar TV-nin qabağında oturanda
rahat oluruq, buna istirahət deyirik? Məgər əsl istirahət, həzz insanın sevdiyi
işlə məşğul olması deyilmi? Nəyə görə bizdə bu alınmır? Təhsilə, təlimə qarşı
bu cür mənfi münasibət haradan qaynaqlanır bizdə?
Sistemin
əzbərçiliyi mi buna səbəbdir, yoxsa evdən alınan tərbiyəmi? Əməyə münasibət nəsillərdə
təkrarlanır mı, yoxsa sadəcə sistem bizdə oturuşmuş deyil? Axı niyə? Bu milli
şüurumuzdan mı qaynaqlanır, yoxsa hər bir valideyn, hər bir ailə tərbiyədə eyni
səhvimi buraxır?
Gəlin
baxaq bu gün içimizdən neçə nəfər öz xəyalları uğruna qəhrəmancasına mübarizə
aparır? Gəlin baxaq bu gün içimizdən neçə nəfər “sabahdan ingilis dilini öyrənməyə
başlayacam” deyib elə sabah da başlayır. Gəlin baxaq bu gün içimizdən neçə nəfər
universitetdən qayıdandan sonra FB-ə girmək əvəzinə online kurslara qoşulur,
online mühazirələrə qulaq asır, özünü inkişaf etdirir?
İçi özüm
qarışıq hamımız bizə heç bir xeyir verməyən passivlik axınına düşmüşük.
Əlimizdən
tutub çəkən yoxdur.
Hər kəs
arzularına TV-də ən sevdiyi seriala baxan kimi uzaqdan baxır.
Sabahlarımızın
sayı artır.
Ancaq
bir gün gələcək, sabah olmayacaq...
Comments
Post a Comment