Böyük məqsədlər üçün kiçik addımlar


Bilmirəm biz insanlar (ya da Azərbaycanlılar) niyə bu qədər tez bezirik hər şeydən. Blog açmağı nə qədər çox istəyirdim, yazmağı, cümlələri ard-arda düzməyi nə qədər çox sevirdim.. Amma blog açandan bir müddət sonra sanki bütün həvəsim amputasiya olundu. Girib yeni "kontent" yaratmasam da baxış saylarına baxırdım tez-tez. Baxış sayları hər gün artırdı, google sağolsun. Yoxsa blogum çoxdan tərk olunmuş, unudulmuşdu.

Bir ara motivasiya bolluğu yaşadım. Hətta istəmədiyim qədər. Bu müddət hardasa 6-7 ay oldu. Bu 6-7 ay ərzində planlaşdırdığım bütün məqsədlərimə artıqlaması ilə çatdım. "Vau" dedim, bro, planlı olmaq nə zor şey imiş. Hər dəfə bir məqsədimə çatdıqca (məqsəd deyənd ağlınıza Marsa getmək kimi iri məqsədlər gəlməsin, amma unutmayaq, iri məqsədlərə gedən yol da kiçik, xırda məqsədlərdən keçir!) qələbənin həzzini duyurdum. Və bu hissi heç nəyə dəyişmərəm deyirdim. Amma son 3 aydır yenidən eyni tənbəllik, ümidsizlik çöküb canıma. Bu dəfə nəyə, kimə "minnətdar" olmalıyam buna görə, bilmirəm. Əslində bilirəm ki, onillərin tənbəlliyini, məqsədsizliyini 6-7 ayda dəf etmək mümkün deyil. Bir alışqanlığı, vərdişi itirmək çox asandır, əsas əzm və uzun vaxt tələb edən onu qazanmaq, formalaşdırmaq VƏ ƏN ƏSASI İTİRMƏMƏKDİR! Təsəvvür edin qarşınıza məqsəd qoymusuz ki, 5 kilo arıqlayacaqsız. Əlləşirsiz, vuruşursuz, əzm göstərirsiz və arıqlayırsız (by the way, ümid edirəm arıqlamaq üçün bitki çaylarından, anormal həblərdən, "Şok, şok, şok, 15 gündə 75 kilo arıqlayın" tipində pəhrizlərdən kömək umanlardan deyilsiz). Hə, arıqladız, bəs sonra? Bax burda Mikayılı ağlamaq tutur (Mikayıl kimdir bilmirəm). Əsas olan o 5 kilonu vermək deyildi, əzizim, əsas olan onu stabil saxlamaqdır. Hər şeydə belədir. Dili əlləşib vuruşub öyrənirsən, amma 3cə ay istifadə eləmə, gör necə yadından çıxır, gör necə havaya uçur illərinin əziyyəti.

Mən də belə düşünüb, özümə necə deyərlər, toxtaxlıq verib "qorxma, qorxma" deyirdim. Kişinin başına iş gələr də. Amma görəndə ki, artıq bu durum davam etməyə başlayır, narahat oldum kifayət qədər. Fərqinə vardım ki, əziyyətlə qazandığım proqramlı olmaq, disiplinli olmaq, əməksevər olmaq kimi vərdişləri itirirəm. Bunu gözə ala bilməzdim. Ona görə bir çıxış yolu axtarmağa başladım. Və bu günkü tapıntım: Hello Kishi

Okay, üstümə gəlməyin. Adını mən də çox eşidirdim, amma yaxından maraqlanmamışdım. Bu gün tanış oldum o mükəmməl insanla! Təbii ki, virtual şəkildə. Öncə saytına daxil oldum (bilməyənlər varsa əgər hələ də: hellokishi.com ), cəlb eləyən başlıqları olan məqalələri oxumağa başladım. Sonra TED çıxışını izlədim. Ruhlandım. Bir öz yetim bloguma baxdım, bir o xanımın bloguna. Dedim oh my god, kill me please.

Keçən dəfə də instagramda bir live videoya baxıram, deməli, maraqlananlar üçün deyim, waystostudy adında bir hesab var, Niderlanddan bir qız idarə edir. Adından da göründüyü kimi motivation for study tipində paylaşımlar edir, youtube kanalı da var. Live videoda gələn sualları cavablandırırdı. Biri hamımızın ürəyini oxuyub sual yazmışdı ki, nəyisə başlaya bilmirəm, fərqi yoxdur dərs oxumaqdan gedir söhbət, kiməsə e-mail yazmaqdan, yaxud da qabları yumaqdan. Bir şeyə başlaya bilmirəm, başlayandan sonra gedir, amma başlayana qədər əziyyət çəkirəm, necə həll edə bilərəm bu problemi? Qız da cavab verdi ki, "I know, it sounds weird, but the solution for this problem is just simple: start to do it". Deyir ki, qəribə səslənə bilər, amma bir şeyə başlamaq üçün yeganə həll yolu ona başlamaqdır. Çoxumuz həyatda bu cür situasiya ilə üzləşmişik deyilmi? Kiməsə sms yollamalıyıq, telefon əlimizdə olduğu halda mesaj yazmağa başlamağa ərinirik, amma o ki başladıq ha.. Pahoo... Mesajı silirik ki, yaxşısı budur səs mesajı atım whatsapp`da, yoxsa uzun olacaq.

Mən də bu prinsipə əməl edərək sadəcə başladım. Ümid edirəm ardı da gələcək və özüm ilhamlandığım kimi sizləri də ilhamlandıra biləcəyəm. Hələlik isə, bu son 6-7 mükəmməl ay ərzində uğurlarımın artmasına və özümü daha yaxşı hiss eləməyimə səbəb olan faktorları sizinlə bölüşürəm:

1. Mənə bir xeyri dəyməyən insanları həyatımdan çıxardım. Bu barədə ürəyim o qədər doludur ki, ayrıca məqalə yaza bilərəm gen-bol. Yəqin sosial şəbəkələrdə çoxunuz buna oxşar statuslar görmüsüz: Heç kim qabağımıza təsadüfən çıxmır, qarşılaşdığımız insanların hamısından nəsə öyrənirik.RAZIYAM! Amma heç də bütün insanlar bir ömür bizə nəsə aşılamır, öyrətmir və buna görə də heç də hər kəs daim yanımızda olmaq məcburiyyətində deyil. Gözəl, uzunmüddətli dostluqlar qurmaq əjdaha bir şeydir, amma hərdən olur ki. kimləsə 5 il əvvəl aranızda olan münasibətlə indi aranızda olan münasibət eyni olmur. Görürsünüz, hiss edirsiniz ki, artıq o insanın sizə verəcəyi müsbət heç nə qalmayıb.Bu halda ən yaxşı seçim nənəm demiş "aralaşmaqdır". Mənim bir neçə dostum var idi, çoxdandı tanıyırdıq bir-birimizi. Amma artıq onların mənə bir xeyri dəymirdi. Xeyir deyəndə maddi nədənsə söhbət getmir, mənəvi, psixoloji, emosional məhfumlardan söhbət gedir. Onlarla görüşəndə bütün vaxtımın hədər getdiyini hiss edirdim. Onlardan heç nə öyrənə bilmirdim. Mənə yeni, bilmədiyim, xeyirli heç nə vermirdilər. Amma qəlblərinə dəymək də istəmirdim. Lakin, buna son verməyə qərar verdim. 6-7 ay öncə aranı soyutmağa başladım. Görüşlər azaldı, mesajlara qısa cavablar verildi və beləliklə heç kimi incitməyərək istəmədiklərimi həyatımdan uzaqlaşdırdım. Bir az insafsızlıq kimi görünə bilər, dostlar, amma həyat darıxdığın insanların əhatəsində olmaq üçün çox qısadır, hətta bir gün belə!

2. Ətrafımı məni ilhamlandıran insanlardan qurdum. Belə bir söz eşitmisiz? Deyir, "Ətrafındakı ən yaxın üç insanın ortalamasısan". Və ya "Varlı olmaq istəyirsənsə, varlı insanlarla ünsiyyət qur, alim olmaq istəyirsənsə alimlərlə ünsiyyət qur" və s. Bu həqiqətən də belədir. Mənim, bizim cəmiyyətin tənbəl olmasına, produktiv ola bilməməsinə səbəb olan ən önəmli faktoru tapdım. Ətrafımıza düzgün insanlar cəlb etmirik. Bilirsiz nə dərəcədə önəmli, vacib, amma biz insanlar tərəfindən diqqətə alınmayan bir faktordur bu? Bu barədə eşitdiyim nəyisə danışmayacam, məhz öz başıma gələn əhvalatı nəql edəcəm. İki məktəb oxumuşam. Birinci oxuduğum məktəbdə əlaçı idim, bizim sinifdə 4 alana necə deyərlər, "belə birtəhər" baxarardılar. Hər kəs yaxşı oxumalı idi, hər kəs ev tapşırığını hər gün hazırlamalı idi. Bizim sinif məktəbin ən nümunəvi, ən yaxşı oxuyan sinfi idi. Oxumayanlar yox idimi? Var idi. Amma bütün sinfin 2-3%ni təşkil edirdilər.Və mən məktəbimi dəyişdim. Müəyyən səbəblərə görə yaxşı olmayan bir məktəbə getməli oldum 2 il. Gətirdiyim 5`lər 2 oldu, 3 oldu. Sizə ironik bir şey deyim, öncəki məktəbimdə necə 4 alana "belə birtəhər" baxırdılarsa, bu məktəbdə də 5 alana "belə birtəhər" baxırdılar. Bu məktəb digər məktəbimin tam əksi idi, burda 5 alanlar bütün sinfin 2-3%ni təşkil edirdi. Və mən istəməyərək də olsa, iradə zəifliyindənmi deyim, ya ağılsızlıqdanmı deyim mühitə tezliklə adaptasiya oldum. Artıq mən də 5 alanlara "belə birtəhər" baxırdım. Və həyatımın bəlkə də ən düzgün seçimini edib 2 ildən sonra yenidən məktəbimi dəyişdim. Mən o məktəbi tərk etməsəydim, indi blog nədir, blog yazmaq nədir, hello kişi nədir, bye bye nədir bilməzdim. Deyəcəyim odur ki, ətrafınızda özünüz necə olmaq istəyirsinizsə gələcəkdə, elə insanları tutun! Mən instagramda izlədiyim profillərdən tutmuş, real həyatda üsniyyət saxladığım adamalara qədər ətrafımı "sahmana saldım". Məni ilhamlandıran, mənə motivasiya verən insanları əhatəmə daxil edib, yalnız neqativ, lazımsız enerji verənləri gözünün yaşına belə baxmadan sildim!

3. Gündəlik tutdum. İndiyə qədər atdığım ən doğru addımlardan biri və həmçinin indiyə qədər etmədiyimə görə ən çox peşman olduğum addımardan biri! Gündəlik tutmaq, eləyəcəyin işlərin hamısını srası ilə günlərə bölmək, yazmaq, hər şeyi planlı etmək, beynindəki informasiyalardan, "bu gün filan şeyi eləməliyəm, cümə günü filankəslə görüşməliyəm"lərdən azad olub onları kağıza köçürmək necə kömək edirmiş insana! Niyə bu qədər beynimizə yüklənirik, hər şeyi yadımızda saxlamağa çalışırıq bilmirəm. O da adi bir orqandır, o da dincəlmək istəyir, ona həddindən artıq yüklənməklə onu yoruruq, ey əhli-cahan!


Bura qədər oxumusunuzsa, eşq olsun, gözlərinizdən öpürəm!


“If you can't fly then run, if you can't run then walk, if you can't walk then crawl, but whatever you do you have to keep moving forward.”

Martin Luther King, Jr.

Comments

Popular posts from this blog

Qaraqan - İkinci addım/Həqiqətin beş adı

Tənbəllik problemi və ya tamam başqa bir mövzu..

Əsrin bəlası - İngilis dilini necə öyrənim?