Psixoloqa getdim, həyatım dəyişdimi?


Sa-lam-lar! :)
Ümid edirəm ki, hamınız çox çox yaxşısınız və əla, mükəmməl həyatınıza olduğu kimi davam edirsiniz. Bu gün sizlə bir təcrübəmi bölüşməyə qərar verdim. Xüsusilə Azərbaycan cəmiyyəti üçün maraqlı və "magik" bir məqalə olacağını düşündüyümdən klaviaturanı tüstülətməyə qərar verdim :) Əgər maraqlıdırsa, durmadan ardına keçin.
Həyatımın axarı və istiqaməti bu dönəmlərdə çox dəyişməkdədir. Yaxşıya doğru, ya pisə, onu zaman göstərəcək. Amma bu qədər dəyişimin və bu dəyişimin gətirdiyi yeniliklərin arasında özümü itirməyə başladığımı hiss etdiyim anda psixoloqa, yəni bir mütəxəssisə müraciət etməyi qərara aldım. Bəli, bəli, bir azərbaycanlı üçün çox alqışlanası bir hərəkət etdim, bilirəm :)

Psixoloqlar insanlara həmişə qeyri-adi, üstün güclərə sahib, telepatiya qabiliyyətləri olan biri kimi görünürlər. Amma sizə bir sirr verim, aramızda qalsın, bu kiçik blogumuzdan çölə çıxmasın. Bilirsiz, psixoloqlar əslində nə ağlımızı oxuya bilirlər, nə üzümüzə baxdıqdan dərhal sonra xarakterimizi deyə bilirlər, nə də mükəmməl həyata sahibdirlər :( Bu gerçəkliyi həzm edəndən sonra məqalənin davamını oxumağa başlaya bilərsiz :)

Psixoloqa getdim, həyatım dəyişdimi? Çox insana maraqlıdır bu sual. Psixoloqlar həqiqətən insanı, onun həyatını dəyişə bilirlərmi? Buna qadirdirlərmi? Gedən sevgilini qaytara bilirlərmi, puç olan ümidləri təzələyə bilirlərmi, ölən motivasiyanı yenidən yarada bilirlərmi? Sonsuz olacağına adımız kimi əmin olduğumuz ağrılarımızı, acılarımızı həqiqətən də dindirə bilirlərmi? Onların otağından çıxanda həqiqətən quş kimi yüngül ola bilirikmi?
Bilirsiz, psixoloqa getməyin, psixoloqa müraciət etməyin bir ən çətin, bir də ən yaxşı tərəfini müşahidə etdim. Və maraqlıdır ki, ikisi də eyni nöqtəyə bağlıdır. Psixoloqa gedəndə özünlə işləyirsən və hər şey səndən asılı olur. Bu bir tərəfdən yaxşıdır, dərmandan, hansısa əməliyyatdan, hüquq sisteminin dəyişməyindən, hava şəraitindən asılı deyilsən. Sənə yardım edəcək, edə biləcək mütəxəssisi tapdınsa, qalanı öz gücünə, niyyətinə və iradənə, eləcə də qərarlılığına qalıb. Amma bu işin "əmma"sı da var təbii ki. Öz həyatının məsuliyyətini özün götürməli olursan. Arxayın olacağın dərmanın yoxdur, başa düşürsən? "İçim, düzələcək" deyə bir şey yoxdur. Nəyisə düzəltmək üçün bütün gücünü, istəyini, iradəni səfərbər etməlisən. Azərbaycansayağı yollar keçmir psixoloqun kabinetində, mənim əziz dostum :)

Psixoloqa getdim və yaşadığım problemlərin ümumi fonunun, mənzərəsinin altında gizlənən o zəhərli şişi, tutulan damarı, infeksiyanın törəməyə başladığı yeri tapdım, tapdıq. 26 ildir büründüyüm ruhun, bədənin, düşüncənin, xarakterin içərisində məndən xəbərsiz həyasızcasına böyüyüb mənə durmadan maneələr törədən o zəhərli göbələyi tapdım. Və onunla mübarizə üsullarını öyrəndim, öyrənirəm.

Psixoloqa getdim, həyatım dəyişdimi?
Həyatım dəyişmədi. Özüm dəyişdim. Və hər şeyi dəyişmək iqtidarında olduğumu anladım. :)

Comments

Popular posts from this blog

Qaraqan - İkinci addım/Həqiqətin beş adı

Tənbəllik problemi və ya tamam başqa bir mövzu..

Əsrin bəlası - İngilis dilini necə öyrənim?