Ayaqlara qulluq - yorucu gündən sonra onların qayğısına qalaq


Bəzən bunu önəmli saymasaq da üz dərimizin qayğısına qaldığımız kimi ayaq dərimizin də qayğısına qalmalıyıq. Nəzərə almalıyıq ki, yorğun iş günündən ya da ayaq üstü keçirdiyimiz hər hansı bir gündən sonra ən çox qayğıya ehtiyacı olan elə məhz ayaqlarımız, xüsusilə dabanlarımız olur. Bəs bunu necə etməli? Bu yazımda sizə özümün də istifadə etdiyim çox sadə ayaq qulluğu ritualını təqdim edəcəyəm. Bu ritual yorucu deyil, çox vaxt aparmır və mənim kimi ərincək, amma özünə qulluq etməyi də vacib sayan qadınlar üçün ideal variantdır.
İlk öncə onu deyim ki, əgər vaxtınız və həvəsiniz varsa, çox da yorğun deyilsinizsə, yaxşı olar ki, ayaq vannası edəsiniz. Ayda 2 dəfə mütəmadi şəkildə ayaq vannası qəbul etsəniz ayaqlarınız sizə minnətdar olacaq :) Ayaq üçün vannanı necə hazırlamalı? (Vanna deməyimə baxmayın, ləyəndən də istifadə edə bilərsiniz, hamam otağına getməyə məcbur deyilsiniz, belə ki, sevimli serialınıza baxa-baxa və ya qəhvənizi içərək də ayaqlarınızın "istirahətini" təmin edə bilərsiniz)

Ayaq vannası üçün biləyinizə qədər su doldurulmuş ləyənə iki xörək qaşığı dəniz duzu töküb qarışdırmaq lazımdır. Qeyd etməyi zəruri hesab edirəm, əgər ayaqlarınızda damar genişlənməsi problemi varsa suyu qaynar etməyin.  Əgər evdə limon varsa, dəniz duzu qarışdırılmış suya yarım limon da sıxa bilərsiniz. Əgər bunlardan heç biri əlinizin altında yoxdursa, suyu adi duş geli ilə qarışdıra bilərsiniz. Ancaq mənim təcrübələrimə görə ən ideal variant dəniz duzudur. Buna görə də evdə bir qutu dəniz duzu saxlasanız, yaxşı olar. :)


Ayaqlarınızı 10-15 dəqiqə vanna etdikdən sonra qurulayıb adını çəkəcəyim bu çox gözəl məhsulla massaj edirik. Dulgon brendindən ayaq üçün sakitləşdirici krem. Şəklini yuxarıda paylaşmışam. Məhsulu elə ayaqlarınıza massaj etməyə başlayan kimi təsirini hiss edəcəksiniz. Ayaqlarda fresh hiss yaradacaq və günün yorğunluğu buxar olub uçacaq sanki. Alman brendi hər zamanki kimi öz sözünü deyir :) Əgər çox yorğunsunuzsa, vanna etməyə həvəsiniz yoxdursa, bu kremi birbaşa ayaqlarınıza çəkə bilərsiniz. Tək ayaq pəncələrinizə yox, ayaq biləyinizə də massaj edərək çəkə bilərsiniz, əgər biləyinizdə də fresh hissin olmağını istəyirsinizsə.

Bundan sonra ayaqlarınıza nəmləndirici krem çəkməlisiniz ki, ayaqlarınızı gecə ərzində yumşaltsın, xüsusən də bütün günün yorğunluğunu canına çəkmiş dabanlarınızı.

Son olaraq, əgər yay ayları deyilsə, corab geyinib yata bilərsiniz. Səhər oyananda ayaqlarınız körpə ayaqlarıtək yumuşaq və zərif olacaq :)




Comments

Popular posts from this blog

Qaraqan - İkinci addım/Həqiqətin beş adı

Tənbəllik problemi və ya tamam başqa bir mövzu..

Əsrin bəlası - İngilis dilini necə öyrənim?