Collistar SPF 30 - Günəşdən qoruyucu krem (fikirlərim)


Yay gəldisə, demək rəngli kosmetik vasitələr - tonal kremlər, göz kölgələri, gözaltı qapadıcılar, dodaq boyaları, ənliklər bir kənara atılır. Yayda biz dincəliriksə, demək dərimiz də dincəlməlidir. Hətta, biz dincəlməsək belə o dincəlməlidir. Yayda üzümüzü makiyajsız saxlamaq, heç olmasa bu 2-3 ay ərzində onu yormamaq, nəfəs almağına imkan vermək dəri sağlamlığı cəhətdən çox önəmlidir. Dərimizin bu qızmar yay aylarında, Bakının cırhacırında ən çox ehtiyacı olan şey günəşdən qoruyucu krem ola bilər. Bu gün bir aya yaxındır istifadə edib bitirmək üzrə olduğum Collistar brendindən SPF 30 faktorlu günəşdən qoruyucu krem barədə təəssüratlarımı bölüşəcəyəm.
İlk öncə onu qeyd etməliyəm ki, uzun zamandır (bilmirəm hansı ağılla) günəşdən qoruyucu krem işlətmirdim. Amma zəruriliyinin fərqinə vardığım anda (yeri gəlmişkən, bu yaxınlarda günəşdən qoruyucu kremlərin yayda dəri üçün nə qədər vacib olduğu haqda məqalə də yazacağam) dükana gedib satıcıdan günəşdən qoruyucu krem istədim. Üz və bədən üçün birlikdə istədiyimi, SPF 30 və daha yuxarı faktorlu krem istədiyimi dedim. Dərhal mənə bu kremi məsləhət gördü. Hərçənd ki, hər dəfə hansısa məhsulunu işlədəndən sonra Collistar brendindən bir addım da uzaqlaşıram, buna baxmayaraq qəbul etdim. Çünki alternativ variant düşünüb gəlməmişdim. Amma siz siz olun, nəsə almamışdan öncə internetdə məsləhət görülən brendləri araşdırın. Verdiyiniz pul boşa getməsin.



Hər zaman olduğu kimi evə gələn anda elədiyim birinci iş qutusunu açıb içini oxumaq oldu. Məshulun rəngi gördüyünüz kimi diqqəti cəlb edən rəngdir və yay ayları üçün mənə elə gəlir brend ən gözəgəlimli və uyğun rəngi seçib. Məhsul 150 ml həcmindədir. Mən bir aya yaxın müddətdə bitirdim. Kifayət etdi, nəzərə alsaq ki, günəş kremlərini bol istifadə etmək və bu mövzuda simic olmamaq lazımdır, mən həcmindən razı qaldım. Məhsulun suyadavamlı olduğu yazılmışdı, bundan da razı qaldım. Onsuz da məncə bir günəşdən qoruyucu krem suyadavamlı deyilsə bu həmin məhsul üçün böyük bir mənfidir. Birinci gün işlədəndə, ilk fərqinə vardığım gözəl qoxusu oldu. Həqiqətən də inanılmaz gözəl qoxusu var. Necə desəm, bir az tropik, bir az yüngül, bir az ehtiraslı. :))

Günəşdən qoruyuculuğuna da bir söz deyə bilmərəm, işlətdiyim müddət ərzində üzümdə hər hansı günəş ləkəsi, qızarma, yanma hissi filan olmadı.

Amma, yenə və yenə də bu məhsul da məni collistar brendindən uzaqlaşdıran məhsullardan biri oldu. Ümumiyyətlə, bu son təcrübəmdən sonra da inanmıram bir də həmin brendin hansısa məhsulunu alıb istifadə edim.

Krem inanılmaz qatılığı ilə mənim nifrətimi qazandı. Dərimə çəkdiyim anda par-par parıldamağa başladı, hansı ki, bu vəziyyətdə çölə çıxmaq mənim üçün gülünc idi. Bəli, par-par parıldayan dəri ilə çimərliyə rahatca getmək olar, bu bəlkə də bir lüksdür, amma nəzərə alsaq ki, mən bu kremi gündəlik üçün işlədirdim, tam bir fəlakət idi. Özümü dəhşətli dərəcədə parlaq hiss edirdim :( Bu parıltı da tərkibindəki yağdan, ya da yağa bənzər bir maddədən qaynaqlanır, əminəm. Məhsul qurumaq, əmilmək bilmədi. Bütün günü yağlı-yağlı ətrafda gəzirdim. İyrənc bir hiss yaşatdı mənə. Bəlkə də quru dərili insanlar bu məhsulu işlətsələr çox çox razı qalacaqlar amma mən dərisi qarışıq dəri tipinə aid olan bir insan kimi çox təəssüflər olsun ki, sözün əsl mənasında bu məhsula NİFRƏT etdim. Bitdiyinə görə çox xoşbəxtəm və bir daha alacağımı düşünmürəm.

Beləliklə, müsbətləri: qoxusunun xoş olması, gözəgəlimli qablaşdırması, günəşdən müdafiəsi, suya davamlı olması.
Mənfiləri: gün boyu yapışqan, yağlı, çirkli hissi yaşatması, hədsiz parıltı, yağlı görüntüsü verməsi, həddindən artıq qatı məhsul olması.

Gələn görüşlərədək...


Comments

Popular posts from this blog

Qaraqan - İkinci addım/Həqiqətin beş adı

Tənbəllik problemi və ya tamam başqa bir mövzu..

Əsrin bəlası - İngilis dilini necə öyrənim?