Oşo - Ego / kitab haqqında fikirlərim


Bu gün 2 ilə yaxındır məndə olan, ancaq əlimin getmədiyi, açıb oxumağa həvəsimin olmadığı bir kitab haqqında fikirlərimi paylaşacağam. Dediyim kimi, çox uzun zaman bundan öncə bu kitabı əldə etdiyimə baxmayaraq, nədənsə aldığım gün bir az elə avtobusdaca oxumuşdum, sonra həvəsim ölmüşdü. Yay tətili ərzində bütün əlimin altında olan və çoxdandır oxumaq istədiyim kitabları oxuyub bitirdikdən sonra bu kitaba şans verməyi qərara aldım. Kitab türk dilinədir və başdan başa Oşo fəlsəfəsini izah edir deyə düşünürdüm başa düşmək mənim üçün çətin olacaq, lakin kitab öz axıcılığı və aydın dili ilə məni ovsunladı.

Qeyd etdiyim kimi kitab türk dilindədir,
azərbaycan dilində məncə yoxdur. Oşonun düşüncələrini həmişə internet üzərindən qısa fikirlər şəklində, daha dəqiq desək aforizm kimi oxumuşdum. Amma onun düşüncələri, fəlsəfəsi, ideologiyası haqqında tam anlayışım yox idi. Amma bilirdim ki, qeyri-adi insan statusu qazanıb. Kitabı oxuduqdan sonra buna bir daha əmin oldum. Kitabı mütaliə edərkən sanki insan bu dünyadan ayrılıb tamam başqa bir aləmə düşür. Önəm verdiyimiz, dəyər yüklədiyimiz bəzi məhfumların əslində necə dəyərsiz olduğunu, önəmsəmədiyimiz, dəyər vermədiyimiz bəzi məhfumların isə əslində necə dəyərə malik olduğunu göstərir. Qeyd etmək istərdim ki, kitabı Oşo özü yazmayıb, yəni Oşo ümumiyyətlə kitab yazmayıb. Bu gün kitab dükanlarında olan bütün Oşo kitabları onun mühazirələrinin və səs yazılarının bir yerə toplanması nəticəsində yaradılıb. Kitabda diqqəti cəlb edən çox fikirlər var, buna rəğmən mən bu kitaba möhtəşəm deyə bilmədim. Çünki bəzi fikirlər, düşüncələr mənə həddindən artıq utopik gəldi. Bu gün yaşadığımız cəmiyyətdə, bu günkü toplumda həmin ideologiya ilə yaşamaq, məncə mümkün deyil. Kitab çox gözəl idi, dadı damağımda qaldı, bəli. Bir çox fikirləri də özümə götürdüm, bəyəndim. Onsuz da bir kitab mənə nəsə vermirsə, onu qəzet oxuyarcasına ancaq üzündən oxuyuramsa, demək o kitab mənə lazım olan və axtardığım kitab deyil. Bu kitab mənə çox şey verdi, bəzi düşüncələrimin dəyişməsinə də səbəb oldu, ancaq bütünlüklə kitabdakı fikirləri qəbul etmədim. Məncə bu normal bir haldır, Oşonun özünün də dediyi kimi kimsə mükəmməl deyil və kitabda yazılanların Oşonun fikirləri olması o demək deyil ki, o fikirlərin hamısı qüsursuzdur və hamı o fikirlərlə razılaşmalıdır. Əsla. Kitablar, mütəfəkkirlərin düşüncələri, filmlər bizim onlardakı məlumatı qəbul edib emal etməyimiz, lazım olanı özümüzdə saxlamağımız, lazım olmayanları isə çıxdaş eləməyimiz üçün var. Oxuduğumuz hər şeyi sorğulamadan qəbul etməyimiz üçün yox. Əks halda şüurlu olmağımızın nə kimi bir anlamı olardı ki?


"Ego bir buzdağıdır. Onu erit. Onu derin sevginin içinde erit, böylelikle o kaybolsun ve sen okyanusun parçası haline gel" - deyə başlayır kitab. Elə bütün kitab kitabın adından da göründüyü kimi insanın eqosuna qalib gəlməsi, ondan qurtulması, mənəvi cəhətdən zənginləşməsi üzərində qurulub. Oşo düşünür ki, ego insanı zəhərləyir, ego heç də yaxşı bir şey deyil, ego insanı məhv edir. 

"Psikolojinin tümü egonun nasıl daha güçlendirileceği üzerinde kurulmuştur. Şu aptallar, psikologlar bile insanın güçlü bir egoya sahip olması gerektiğini vurgularlar. Bu yüzden eğitim sana ceza ve ödül aracılığıyla hırs vermek, seni belli bir doğruluğa sürüklemek için bir programdır. Ebeveynlerin en başından itibaren senin için çok fazla şey umut ediyor. Belki de onlar kendilerine Bütük İskenderin geldiğini ya da kızlarının Kleopatranın reenkarnasyonu olduğunu düşünüyorlardır. Anne babalar en başından itibaren kendini kanıtlamadığın sürece hiçbir işe yaramayacağın konusunda seni şartlandırır. Basit bir insanın ahmak olduğu düşünülür."

Kitabın demək olar ki, hər bölümündə valideynlərin və cəmiyyətin, insan toplumunun insanın özünə, təbii halına qarşı çıxdıqları, həqiqi məni dəyişdirmək üçün mübarizə apardıqları əks olunur. Oşo insanı öz təbiətinə qayıtmağa, özü olmağa, daha yüksəyə can atmamağa çağırır. Hər yeni doğulan körpə egosuz olur deyir, hər körpə sadə olur deyir, sonradan onun ətrafındakı insanlar, cəmiyyət və valideynlər sanki ağ kağız üzərinə yazı yazarlar kimi körpənin beyninə informasiyalar yazırlar. Lakin bu informasiyalar doğrudurmu? Onun bir şəxsiyyət kimi formalaşmağına öz tövhəsini verən bu nəsihətlər, bu məlumatlar həqiqətən də ona kömək edirmi? Onun doğrunu tapmasına şərait yaradırmı?

"Herkes yukarıya doğru mücadele ediyor ve diğer herkes onu bacaklarından aşağı çekiyor çünki Everestin zirvesinde hepimizin duracağı kadar yer yok"

Kitabda ən sevdiyim və altından, üstündən, hər yerindən xətt çəkdiyim cümlələrdən biri demək olar ki, budur. Bəli, əslində bu günkü cəmiyyətdə belədir. Hər kəs ən yaxşı olmağa çalışır. Ən yaxşı insan, ən yaxşı ata, ən yaxşı övlad, ən yaxşı rəssam, ən yaxşı müəllim.. Oşo deyir ki, bu rəqabət ölümünə bir rəqabətdir və heç vaxt bitməyəcək. İnsanlar həmişə ən yaxşı olmaq istəyirlər, amma bir həqiqət var ki, hamı ən yaxşı ola bilməz. Ən yaxşı bir ədəd olur, digərləri isə sadəcə yaxşı olur. Sadəcə yaxşı.

"Mükemmeliyetçilik tüm nevrozların kökündeki nedendir. İnsanlık mükemmeliyet fikrinden kurtulmadığı sürece asla akıl sağlığına kavuşamayacaktır. Mükemmellik fikrinin ta kendisi tüm insanlığı çılgınca bir hale sürüklemiştir. Mükemmellik terimleri ile düşünmek demek senin ideoloji, hedefler, değerler, -mali`lar, -mamalı`lar terimleri ile düşünmen demektir."

Bax beləcə dəyərləndirir Oşo insanların içindəki mükəmməl olmaq, ən yaxşı olmaq, zirvədə olmaq həvəsini. Mənim də kitabda razı olmadığım hissələrdən biri də bu idi. Həddindən artıq, xəstəlik dərəcəsində hamıdan ən yaxşı olmağa çalışmaq əlbəttə yaxşı deyil, razıyam. Amma insan öz işinin və öz varlığının peşəkarı olmaq istəyirsə, bunun nəyi pisdir ki? Bir ana övladını yaxşı bir şəkildə yetişdirmək istəyirsə, ən yaxşı ana olmaq xəyalları qurursa, bu xəyallar onu motivasiya edirsə, bunun nəyi pis ola bilər ki? Ya da bir insan dünyaca məşhur bir rəssam olmaq istəyirsə, ən yaxşı olmaq üçün çalışırsa, bu nədən pis olsun ki? Bax mən bununla razılaşa bilmirəm. Çünki özüm də ixtisasımın ən yaxşılarından olmağa çalışanlardanam. Və məncə bir insan ən yaxşı həkim, ən yaxşı müəllim, ən yaxşı hüquqşunas olmaq istəmirsə, demək peşəsini yetəri qədər sevmir. 

Məqaləni çox uzatmaq istəmirəm, uzun olduqca az oxunur çünki. Ümid edirəm kitabla sizi qısaca da olsa tanış edə bildim.


Comments

  1. Ən yaxşı olmaq nə mənada pisdi? Ən yaxşı olmağa çalışanda eyni zamanda kiminsə səni keçməməyini arzulayırsan. Rəqabət bu cəhətdən heç xoş bir vəziyyət deyil. Oşonun fikri də buna əsaslanır məncə, mən onu çox oxumamışam bu fikri nə şəkildə müdafiə elədiyini bilmirəm ama mən də bu fikirdə olmuşam həmişə. Sinifdə uşaqları rəqabət şəklində öyrədəndə onlar öz məqsədi ümün başqalarına pislik arzulamağı öynənirlər. Bu bülə davam etdikcə, onlar böyüdükcə bunu həyatın qanunu kimi qəbul edirlər. Başqalarından da o hərəkəti gözləyirlər. Nəticədə bir birinə güvənməyən, biri qabağa getməsin deyə bir birinin ayağndan çəkişdirən yetkin insanlardan ibarət cəmiyyət formalaşır. Bu proses insanın içindən başlayır, oşo da bunun və bu kimi egonun əmələ gətirdiyi başqa halların qarşısını almaq üçün insanln öz üzərində çalışmalı olduğunu ifadə edir. Hər kəs özünü içəridən təmizləməlidir deyir. Qeyd etdiyiniz onun statında deyildiyi kimi, Everestin zirvəsində hamıya yer yoxdu. Əgər zirvə tək adam üçündürsə ona çatmaq üçün rəqabət aparmaq düzgün deyil. Bu sadəcə qalanlarının paxıllığına və ədavətə səbəb olacaq. Mən o sözdən bu nəticəni çıxartdım.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Qaraqan - İkinci addım/Həqiqətin beş adı

Tənbəllik problemi və ya tamam başqa bir mövzu..

Əsrin bəlası - İngilis dilini necə öyrənim?