Buffetique Baku - Təəssüratlar (harada yerləşir, necə gedib çıxdıq, yeməklər, qiymətlər, kollektiv və s.)


Son günlər başda İnstagram olmaqla digər bütün sosial şəbəkələri bəzəyən, xüsusilə girişdəki "Nice Shoes" yazısı həkk olunmuş "xalçası" ilə "gəl-gəl" deyib foto həvəskarlarını özünə cəlb eləyən, özünəməxsus dizaynı, üslubu ilə diqqətimi çəkən bu restorana getmək üçün təbii ki, vaxt itirmədim. İlk öncə mənim kimi restoranın adına görə əziyyət çəkən, tələffüzünü bilmədiyinə görə kiməsə deməyə çəkinən varsa, qeyd edim ki, oxunuşu byu-fə-tik şəklindədir. Fransız sözüdür, mənasını bilmirəm, araşdırıram hal-hazırda :D 



Restoran hamımızın "Tarqovı" kimi tanıdığı ərazidə, daha dəqiq isə Yusif Məmmədəliyev 40C ünvanında yerləşir. Tarqovı`nın ara küçələrində olduğu üçün navigator istifadə edərək tapdıq. Hələ restoranın içinə daxil olmamış, çöldən sarı və yaşıl rəngli ancaq filmlərdə gördüyümüz iki şirin maşınla restoran dərhal diqqəti cəlb edir. (Yeri gəlmişkən, iki maşının arası foto çəkdirmək üçün ideal yer idi, əziz instagramçılar :) ) 

İçəri daxil olduqda dərhal xoş aura ətrafınızı bürüyür. Sakit və həzin musiqi səsi, sakitçilik, şəhərin mərkəzində olan restoranlardan fərqli olaraq həddindən artıq yüksək səsli musiqinin olmaması, insanların mədəniyyəti, ucadan danışan xalaların, bibilərin, əmilərin olmaması, siqaret və s. digər iylərin olmaması həmçinin restoranın diqqəti cəlb edən dizaynı və rənglərin insanı ovsunlayan, sakitləşdirən ahəngi buranın ideal bir ortam olduğunu kobud şəkildə desək "bağıraraq söyləyir".



Restoranın ən sevdiyim cəhəti sac içi, kabab, stake tipli ağır yeməklərin olmamasıdır. Menyusu daha çox lunch menyudur. Əgər siz də mənim kimi ağır, yağlı yeməkləri sevmirsinizsə, daha çox şorba, yüngül perojki, qəlyanaltı deyə biləcəyimiz tipdən yeməkləri sevirsinizsə bu məkanı çox güman ki, sevəcəksiniz. 

Biz yemək sifarişi olaraq aşağıdakıları seçdik:

2 ətli və bibərli perojki
1 pomidor şorbası (tomat şorbası da ola bilər adı)
2 toyuq ətli perojki
2 cola
1 kappuçino

Sözün düzü, mövzu yeməkdirsə həddindən artıq problemli insanam. Perojkilərin tərkibində bibər olduğunu işçilərdən bir xanım deyəndə, tərəddüd etdim. Tək şorbanı götürmək istədim. Amma bu restoranın perojkilərini çox tərifləmişdilər mənə, ona görə dadına baxmağı qərara aldım. Və nə yaxşı ki, qərara almışam. :)

Şorba hədsiz dadlı idi.
Dadı damağımda qaldı deyəcək qədər. Ölmədən öncə yeyəcəyim 10 yemək siyahısına Buffetique`nin pomidor şorbasını da əlavə etdim :))) Belə ləzzətli bir şorbadan sonra perojkilər ağız dadımı pozacaq deyə düşünmüşdüm, nədənsə hələ də perojkilər mövzusunda tərəddüdlü idim. Amma bircə dişlək.. Və bütün tərəddüdlərim buxar olub uçdu sanki. Mənim kimi yemək mövzusunda problemli bir insan içində bibər olan perojkini ləzzətlə yedi, hələ ürəyimdə dedim yenə 2-si olsa, yenə bu iştahla yeyərdim. Yanımdakı qızlardan da maraqlandım ki, siz də bəyəndinizmi perojkilərinizi? Onlar da bu nəfis ləzzətdən məmnun imişlər mənim kimi.



Bu cür nəfis yeməklərdən sonra gələn kappuçinonu isə təəssüf ki, qətiyyən bəyənmədim. Tam bir qəhvə insanıyam. Kappuçino isə xüsusilə sevdiyim bir qəhvə növüdür. Amma təəssüf ki, tam olaraq bu içkinin haqqını verən yerlər çox azdır ölkəmizdə. Bu dəfə içdiyim kappuçinodan da heç bir həzz ala bilmədim. Sanki dükandan adi Nescafe 3 in 1 alıb qaynar suda qarışdırmışammış kimi bir hiss yarandı məndə.

İradlara başlamışkən ikinci və sonuncu iradımı bildirmək yerinə düşər. Restoran
"rusdilli" restoran idi. İçəri girib oturanda bizə yaxınlaşan xanım dərhal rus dilində qarşılamağa başladı bizi. Təbii ki, hər zaman olduğu kimi azərbaycanca təşəkkür etdim. Yalnız bundan sonra qarşılığını öz dilimizdə ala bildim. Ümumiyyətlə son zamanlar restoranlarda və salonlarda rus dili tendensiyası yaranıb, bunun səbəbini anlaya bilmirəm. Və kəskin şəkildə tənqid edirəm. Mübarizə aparıram. Bacardığım qədər də çalışıram rus dilli yerlərə gedəndə rus dilində danışmayım. Hər nə qədər mənə Marsdan bu dəqiqə enmiş varlıq kimi münasibət göstərsələr də. Yenə də, burada vəziyyət Marivanna və onun kimi restoranlara baxanda ürəkaçan idi. Dediyim kimi, azərbaycanca danışanda onlar da hörmət əlaməti olaraq dillərini dəyişirdilər. Yaxşı ki...


Restoranın bəlkə də əəən məşhur guşəsi bax bu güzgü və xalçadır :))) Gəlmişkən, dedik biz də bir şəkil çəkdirək. Həqiqətən fərqli bir şeydir, çox gözəl fikirləşiblər. Bu restorana gəlib, nəfis yeməkləri yedikdən sonra, gülərüz personal tərəfindən (hər nə qədər rusca danışsalar da) qarşılandıqdan sonra burada şəkil çəkdirməmək ayıb olardı :)

Həqiqətən də gözəl bir məkan idi. Gözəl mühit, gözəl aura, pozivitizm qoxan insanlar... Həm də bütün bu gözəlliklərə rəğmən hər
büdcəyə uyğun bir məkan olması ilə seçilir. Belə bir yerin adətən çox bahalı olmasına öyrəşmişik biz, amma qiymətləri çox uyğun idi. Qeyd etmək istərdim ki, həm də sifariş qəbul edirlər. Amma məndən sizə məsləhət, ərinməyin, gəlin yerində, öz məkanında dadın bu nəfis yeməklərdən. Əgər siz də sakit mühit, yüngül lunch, gözəl üslub sevənlərdənsinizsə, eyni zamanda mənim kimi yeni məkanlara baş çəkməyi sevirsinizsə, Buffetique sizi yanıltmayacaq, əminəm. :)  

Təbii ki, bu məkandan vizit kartını götürmədən ayrılmadıq. Sizinlə də paylaşmağa qərar verdim, üzərində əlaqə telefonu, e-mail ünvanı, instagram səhifəsi, yerləşdiyi ünvan qeyd olunub. Həmçinin xəritə də əks olunub.

Beləliklə, bütün təəssüratlarımı ümumiləşdirsək,
Buffetique restoranına 9/10 bal verərdim. Kappuçino əsl kappuçino dadı versəydi və dilimiz rus dilinin altında əzilməsəydi daha parlaq, daha gözəl düşüncələrlə ayrılardım məkandan. Ancaq, deyir, igidi öldür, haqqını yemə, uzun zamandır belə rahat, müsbət auralı bir məkanda oturub belə nəfis yeməklər yeməmişdim.

Təşəkkürlər, Buffetique...

Comments

Popular posts from this blog

Qaraqan - İkinci addım/Həqiqətin beş adı

Tənbəllik problemi və ya tamam başqa bir mövzu..

Əsrin bəlası - İngilis dilini necə öyrənim?